[b]Rəşad Sadıqov: Millidə müdafiənin sol cinahında problem var[/b]
27.02.2015 - 10:22
[b]Rəşad Sadıqov: Millidə müdafiənin sol cinahında problem var[/b]

“Prosineçkinin milliyə dəvət etdiyi hər bir futbolçuda nəsə var idi. Yığmaya heç kim elə-belə dəvət almamışdı”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandanın kapitanı Rəşad Sadıqov deyib.

 

Müdafiənin sol cinahındakı problemlə bağlı danışan təcrübəli futbolçu Anton Krivotçukla bağlı da fikirlərini bölüşüb: “Perspektivli oyunçudu. Bizdə, həqiqətən də, sol cinah müdafiəsində problem var. Yaxın gələcəkdə bu problemi kiminsə hesabına aradan qaldırmaq lazımdı. Krivotçuk gələcəyə ümid verir. Yaxşı göstəriciləri var: boyu, sürəti, topla da pis davranmır. Məşqçilərin niyyəti odu ki, onun üzərində işləyib, 2-3 ilə müdafiənin sol cinahına hazır futbolçu yetişdirsinlər”.

 

Sadıqovun fikrincə, ən problemli mövqelərdən biri də hücum xəttidi: “Ümumiyyətlə, futbolda ən çətin mövqe hücumdu. Hansı ölkəyə baxsan, görürsən ki, həmin mövqe ilə bağlı çətinlik çəkir. Türkiyə millisində də hücumda oynamağa maksimum 2 futbolçu tapa bilərsən. Bizdə Rauf Əliyev var. Prosineçki son toplanışda Məhəmməd Qurbanovu yoxladı. Vüqar Nadirov və Vaqif Cavadov də hücumun mərkəzində çıxış edə bilərlər. Heyət daha geniş olsa, daha yaxşı olardı. Amma inanıram ki, uşaqlar hücumdakı problemi hiss etdirməyəcəklər. İndi daha hücumameyilli oynayacağıq. Belədə hücumda çıxış edən oyunçular da çox çətinlik çəkməyəcəklər. Bu problemi komanda şəklində həll etməliyik”.

 

0