[b]Rəşad Sadıqov: Məndən şübhələndilər[/b] - MÜSAHİBƏ
27.02.2015 - 11:24
[b]Rəşad Sadıqov: Məndən şübhələndilər[/b] - MÜSAHİBƏ

“Qarabağ” klubunun və Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi.

 

- Topaz Premyer Liqasının XXIV turu çərçivəsində sabah “Qəbələ” ilə qarşılaşacaqsız...

- Çox ciddi hazırlaşırıq. Millinin düşərgəsindən təzə qayıtmışıq. Vaxtımız azdı. Oyun baxımından bir az problem yaşayacağıq. Çünki əsas heyətin 6 üzvü millilərin düşərgəsində idi. Özü də hamısı yerlilərdi. Çalışacağıq daha əzmkar olub, bu problemləri büruzə verməyək. Meydana çıxıb, mübarizə aparmaq lazımdı.

 

- Son oyunlarda “Qarabağ”ın futbolçularında arxayınlıq hiss olunur. Bu, rəqiblərinizdən böyük xal fərqi ilə irəlidə olmağınızla bağlıdı?

- Mən belə deməzdim. “Neftçi” ilə oyun göstərdi ki, “Qarabağ”ın futbolçuları hər görüşə məsuliyyətlə yanaşırlar. Düzdü, ondan əvvəlki matçlarda oyun baxımından problemimiz var idi. Mən özüm də demişdim ki, oyunumuzu tam tuta bilməmişik. Amma “Neftçi” ilə görüşdə yaxşı çıxış etdik. Lakin bu o demək deyil ki, arxayınlaşmalıyıq. Eyni əzmkarlıq olmalıdı ki, ən azından “Neftçi” ilə oyunu təkrarlaya bilək.

 

- Keçək milli komandaya. Yığmanın “Şaxtyor”a qarşı sərgilədiyi oyundan razı qaldınızmı?

- Ümumilikdə oyunla bağlı fikirlərim müsbətdi. Özünüz də gördünüz ki, yeni məşqçinin gəlişindən sonra yeni oyun fəlsəfəsi, sistemi ilə oynayırdıq. Heyətdə də dəyişikliklər çox idi. Bunların hamısını nəzərə alsaq, düşünürəm ki, oyunumuz müsbət alınıb. İkinci hissədə çox dəyişikliklər oldu, demək olar ki, iki heyətlə oynadıq. Məşqlərdə çox işləyirdik, məşqçi öz fəlsəfəsini komandaya aşılamağa çalışırdı. Düşünürəm ki, az da olsa, onun istədiyi futbolu nümayiş etdirə bildik. “Şaxtyor”un rəqib kimi seçilməsinin üstünlüyü ondadı ki, uşaqlar güclü komandaya qarşı oynadılar. Baş məşqçi dedi ki, çıxın meydana və göstərin ki, sizin üçün böyük və ya zəif komanda ilə oynamağın fərqi yoxdu, mən bilirəm ki, siz hər komandaya qarşı oynaya bilərsiz. Həm birinci hissədən, həm də oyundan sonra gəldi ki, gördünüz, mən sizə deyirdim yaxşı futbolçularsız, inansanız, istəsəniz və daha hazırlıqlı olsanız, sizdə hər şey alına bilər. Uşaqlarda matçdan öncə həyəcan olsa da, ürəkli oynadılar, istər topla, istərsə də topsuz. “Şaxtyor”la görüş bizə psixoloji baxımdan çox şey qazandırdı.

 

- Robert Prosineçkinin matçdan 1 gün öncə açıqladığı heyətdə sizin adınız yox idi. Sonra nə baş verdi ki, baş məşqçi Ruslan Abışovun əvəzinə sizə əsas heyətdə yer verdi?

- Ayağımda bir balaca ağrı hiss etdim, həkimlərə göstərdim. Həkimlər də məni məşqdən çıxardılar. Zədə alanda ilk növbədə, həkim müayinəsindən keçirsən. Şübhəli durum olanda MRT-yə göndərir. Məni müayinə etdilər, bir balaca şübhələndilər. Əzələmin ağrıyan yerində sərtlik var idi. Elə oldu ki, bazar günü MRT bağlı oldu, məni məşq etməyə qoymadılar. Sonrakı gün MRT-dən keçdim, ciddi bir şey göstərmədi. Bir balaca problem var idi, buna baxmayaraq oyun günü özümü normal hiss etdim. Məşqçi və həkimlə ayrıca söhbətimizdə oynamaq istədiyimi bildirdim. Məşqçi də dedi ki, özünə arxayınsansa, oyna.

 

- Zədə çıxışınıza mənfi təsir göstərmədi ki?

- Xeyr. Oyunum zəif alınıbsa belə, onun zədə ilə bağlılığı yoxdu.

 

- Prosineçkinin oyun fəlsəfəsində əsas nə tələb olunur?

- Özünüz də gördünüz ki, daha çox kombinasiyalı və sürətli hücumlara üstünlük verir. Top rəqibdə olanda kompakt müdafiə olunub, aqressivlik nümayiş etdirməyimizi istəyir. Təbii ki, 3-4 məşqlə hər şey alınası deyil. Amma məşqlərdəki çıxışımız şəxsən mənim gözlədiyimdən daha yaxşı alınırdı. Sürətli hücuma keçmək, topa nəzarət etmək, topu itirəndə pressinq tətbiq etməyi pis bacarmırdıq. Bəzi elementlər var idi ki, mənim çox xoşuma gəldi.

 

- 4-1-4-1 taktiki sxeminə keçdikdən sonra mərkəz müdafiəçilərinin işinin daha çətin olacağını düşünmək olarmı? Çünki yeni sistemdə 1 dayaq yarımmüdafiəçisi çıxış edir. “Şaxtyor”la oyunda da gördük ki, Qara Qarayev müdafiəyə kömək etdiyi halda, Rahid Əmirquluyev daha çox hücuma atılırdı...

- Mərkəzdə 1-2 və ya 2-1 oynadın fərqi yoxdu. Yenə də baxırsan ki, 3 oyunçu oynayır ortada. Əgər 4-4-2 sxeminə keçsən, onda dəyişiklik hiss olunar. Oyuna 2 hücumçu ilə çıxsan, bu başqa məsələ. Amma bu sistem əvvəlkindən böyük ölçüdə fərqlənmir, hardasa eyni şey alınır. Düzdü, məşqçimiz daha hücumameyilli futbola üstünlük verir, heyəti də ona uyğun qurur. Düşünürəm ki, hamımız kompakt şəkildə müdafiə olunsaq, problem olmayacaq. Hücumçudan tutmuş müdafiəçiyə qədər həm hücuma keçməli, həm də müdafiə olunmalıyıq. O zaman nəyəsə nail ola bilərik.

 

- Milli komanda Prosineçkinin oyun fəlsəfəsini yerinə yetirməyə hal-hazırda nə dərəcə hazırdı və hansı müddətdən sonra həmin futbol fəlsəfəsini tam tətbiq edə biləcək?

- Əsas problemimiz vaxt söhbətidi. 4-5 gün Antalyada məşq etdik. Malta ilə oyun öncəsi 6, Norveçlə matç qabağı isə 10 gün hazırlıq keçəcəyik. Bizdə oyun sistemi, tərzi və fəlsəfəsində də yüz faiz dəyişiklik var. Daha çox hücumameyilli futbolçular heyətdə yer alır. Tam bu fəlsəfəni otuzdurmaq üçün vaxta ehtiyacımız var. Təəssüflər olsun ki, o vaxt bizdə yoxdu. Buna görə də, futbolçuların üzərinə çox məsuliyyət düşür. Hər zaman bu oyun fəlsəfəsini düşünməli, oyunlara 1 ay öncədən köklənməli və millinin düşərgəsinə hazır vəziyyətdə gəlməliyik. Yəni məşqçilər bizi oyunlara yalnız psixoloji və taktiki cəhətdən hazırlasınlar, başqa şeylərə vaxt itirməsinlər.

 

- Antalya toplanışında Malta ilə oyunun müzakirə yəqin ki, gedib. Rəqibi tam analiz etdinizmi?

- Analiz etmişik. Baş məşqçi bizi rəqiblə tanış edib. Nə cür oynadıqlarını və bizim necə oynamalı olduğumuzu deyib. Toplanışda psixoloji hazırlığın üzərində də çox işlədik. Çoxlu toplantılar oldu, istər təkbətək olsun, istərsə də komanda şəklində. Çox sevindirici haldı ki, uşaqlar məşqçinin tələbini tez qavradılar. Ən vacib amil də o oldu ki, uşaqlarda özünəinam var. Məşqçi hamımızı inandırıb ki, siz yaxşı futbolçularsız, yaxşı oyun göstərə bilərsiz. Məşqçi bunları deyəndə hiss olunur ki, səmimi danışır. Ümumiyyətlə, səmimi insandı. Tənqid və tərifin fərqi yoxdu, nə deyirsə, qəbul edirik. Səmimi insan olduğu üçün dediklərində həqiqət var. Həm də böyük futbol oynayıb. Buna görə də komandada gözəl atmosfer yaranıb, istərdim ki, davamı gəlsin. Çünki buna çox ehtiyacımız var. Ustalıq səviyyəsi baxımından təbii ki, bəzi yığmalardan geri qalacağıq. Amma psixoloji cəhətdən daha hazır və istəkli olsaq, kollektiv şəkildə birləşsək, o çatışmazlıqları ört-basdır edə bilərik. Malta ilə oyun fərqli olacaq. Ola bilsin ki, topa daha çox biz sahib olaq. Amma matçın necə gedəcəyini yalnız Allah bilir. Rəqib müdafiə olunub, əks-hücumlara keçməyə üstünlük verəcək. Biz isə daha çox hücum qurmalı olacağıq.

 

- Millidə debüt edən futbolçularla bağlı hansı fikirdəsiz?

- Onlar məni yaxşı tərəfdən təəccünləndirdilər: istər Coşqun Diniyev, istər Orxan Əliyev, istər Elvin Camalov, istərsə də Namiq Ələsgərov olsun. Məndə inam yarandı ki, inşallah, yaxın 4-5 ildə çox yaxşı yığmamız olacaq. Başqa mövqelərdə də futbolçular yetişsə, inamlı milli komanda görəcəyik.

 

Tengiz MƏMMƏDOV

0