[b] “Coşu”, hücumçu problemi və gələcəyə ümid verən komanda[/b]
27.02.2015 - 12:25
[b] “Coşu”, hücumçu problemi və gələcəyə ümid verən komanda[/b]

Yığma komandalarımızın 2015-ci ildə ilk toplanışı baş tutdu və həmin toplanışı yaxından izləyənlərdən biri də mən oldum. Antalyaya ezam olunmuş jurnalistlərin sırasında yer aldığımdan, təkcə əsas millinin deyil, 21 və 16 yaşadək yığmalarımızın da hazırlıq prosesinə şahidlik etdim.

 

Əsas milli

 

Başlayaq əsas millidən. Yeni baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında ilk dəfə yığışan yığmamız məşqlərə toplanışın ilk günündəcə start verdi. Bərpa xarakteri daşıyan ilk məşqdən fərqli, sonrakı məşqlər daha çox taktikaya hesablanmışdı. Prosineçkinin hücum futbolu tərəfdarı olduğu elə ilk məşqlərdəncə hiss olundu. Futbolçulardan topu saxlamağı və ötürməni tez verməyi tələb edən xorvatiyalının digər tapşırığı topu itirəndə dərhal pressinq tətbiq etmək idi. Komandanın psixoloji durumunu da yaxşılaşdırmaq istəyən Prosineçki tez-tez “Bravo” sözünü işlətməklə, onları ruhlandırırdı.

 

3 günlük məşqlərin davamı “Şaxtyor”la oyunda gəlməli idi. Çempionlar Liqasında çıxış edən rəqibə qarşı millimizin necə futbol sərgiləyəcəyi maraq doğururdu. Məlum məsələdi ki, “Şaxtyor”la oyuna ilk “11-lik”də çıxan futbolçuların çoxu əsas heyət üzvü deyildi. Bu səbəbdən kapitan Rəşad Sadıqov meydanda olduğu 45 dəqiqədə futbolçularla tez-tez dialoq qururdu, onlara göstərişlər verirdi. Millidə debüt edən Məhəmməd Qurbanov və Namiq Ələsgərov ilk dəqiqələrdən oyuna “düşə” bilmədilər. Amma 43-cü dəqiqədə vurulan bərabərlik qolunda hər ikisinin zəhməti var idi. Əfran İsmayılov və Cavid Hüseynovun yaxından iştirak etdiyi hücumun yekununda məhz Məhəmməd Qurbanovun ötürməsini Namiq Ələsgərov əla zərbə ilə qola çevirdi. Fasilədən sonra isə meydana fərqli heyət çıxdı ki, bunu da anlamaq olar. Prosineçki dəvət etdiyi hər bir futbolçunun potensialına yaxından bələd olmaq istəyirdi. İlk hissə ilə müqayisədə, ikinci yarıda oyunumuz istədiyimiz kimi alınmadı.

 

Foqtsun 6 illik qorxaq futbol fəlsəfəsindən sonra Prosineçkinin yığmamıza hücum təfəkkürünu gətirmək istəyi təqdirəlayiq haldı. Düzdü, milliyə çağırdığı heyət heç də birmənalı qarşılanmamışdı. Amma nəzərə alsaq ki, “Neftçi”nin üzvləri, həmçinin legioner həyatı yaşayan futbolçularımız növbəti toplanışda yer alacaqlar, deməli, əsas heyət Malta ilə oyuna çıxacaq. Millidə debüt edən futbolçular arasında özünü ən yaxşı tərəfdən göstərən Coşqun Diniyev oldu. Prosineçkinin “Coşu” adlandırdığı gənc yarımmüdafiəçinin Qara Qarayev və Rahid Əmirquliyevlə rəqabət aparacağını əminliklə söyləmək olar.   

 

U-21

 

21 yaşadək futbolçulardan ibarət komandamız da Antalyaya yeni baş məşqçi ilə getmişdi. Yaşar Vahabzadə toplanışın ilk günlərində Coşqun Diniyev, Elvin Camalov və Namiq Ələsgərovun xidmətindən məhrum olmuşdu. Hər 3 oyunçu əsas millinin düşərgəsində olduqlarından, U-21-in məşqlərinə qatılmırdılar. Orxan Əliyev isə məşqlərə əsas yığmada başlasa da, U-21-in hər iki oyununda iştirak etdi. Komandada ən böyük problem hücum mövqeyi ilə bağlıdı ki, bunu Vahabzadənin özü də təsdiqlədi. U-21-də sırf hücumçu olmadığından, baş məşqçi klubunda cinahda oynayan Orxanı məcburiyyətdən mərkəzə çəkmişdi. U-21-də ən təqdirəlayiq hal isə komandanın mübariz olmasıdı.

 

 

U-16

 

Təbriz Həsənovun başçılıq etdiyi U-16 toplanış müddətində ən çox oyun keçirən milli oldu. Əvvəlcə İsveçrənin “Benfika-Sürix” futbol akademiyasının U-17 komandasına futbol dərsi keçən (9:0) 16 yaşadək futbolçularımız ilk ciddi sınağına ikinci matçda çıxdılar. Belarusun U-17 yığması ilə qarşılaşmada komandamız (1:2) məğlub olsa da, özünü yaxşı tərəfdən göstərdi. Son yoxlama görüşündə isə Norveç klubu üzərində 4:2 hesablı qələbə qazanıldı.

 

U-16 texnikalı oyun göstərməyə çalışır. Fərid Nəbiyev istedadı ilə komanda yoldaşlarından fərqlənsə də, bəzən fərdi oyuna həddindən artıq meyl edir. Bu isə komandanın hücumlarının daha kəsərli olmasının qarşısını kəsir. Ümumilikdə isə U-16-da texnikalı futbolçu kifayət qədərdi və bu, gələcəyə ümidlə baxmağa əsas verir.

 

Tengiz MƏMMƏDOV

0