[b]Dünyanın medal rekordçusu Bakı-2015-in idman elçisi elan edildi![/b]
27.02.2015 - 16:33
[b]Dünyanın medal rekordçusu Bakı-2015-in idman elçisi elan edildi![/b]

Bakı-2015 Avropa Oyunlarının daha bir beynəlxalq idman elçisinin adı müəyyənləşib. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, irlandiyalı boksçu Keti Teylor tarixdə ilk dəfə keçiriləcək Oyunların elçisi elan edilib.

 

London-2012 Yay Olimpiya Oyunlarında qızıl medal qazana xanım idmançı, həmçinin 60 kq çəki dərəcəsində hazırkı İrlandiya və dünya çempionudu.

 

Onun qazandığı mükafatlar siyahısına Olimpiya çempionluğu ilə yanaşı, mundialın ardıcıl 5, Avropa çempionatının ardıcıl 6 qızıl medalı, o cümlədən 17 titul daxildi. Teylor qadın boksu tarixində ən çox medala sahib olan idmançıdı.

 

Bakı-2015-in əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleqin sözlərinə görə, Ketini beynəlxalq idman elçisi qismində Bakıda görmək çox xoşdu: “Onun kimi bir çempionun ilk Avropa Oyunlarını dəstəkləməsi tədbir üçün böyük bir üstünlükdü və bu yay keçiriləcək yarışların yüksək səviyyəsindən xəbər verir. Ketinin idman elçisi qismində Oyunları İrlandiyada böyük məmnuniyyətlə təşviq edəcəyindən əminəm və onun iyunda Bakıda yarışacağı günü səbirsizliklə gözləyirəm".

 

İrlandiyanın futbol millisinin də şərəfini qoruyan Teylor Bakı-2015-də həm elçi, həm də idmançı kimi iştirak edəcəyindən məmnunluq ifadə edib: “Oyunlar haqqında məlumatların artırılması və bu haqda mümkün qədər daha çox insanın xəbər tutması üçün əlimdən gələni edəcəyəm".

 

İrlandiya Olimpiya Şurasının sədri, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də Ketinin Oyunları ölkəsində lazımınca təşviq edəcəyinə böyük ümid bağladığını deyib: “Onun yayda Azərbaycanda irlandiyalı idmançılara dəstək olacağına heç bir şübhəm yoxdu. Birinci Avropa Oyunlarına elçi qismində Teylor kimi dünyanın aparıcı idmançısını cəlb etdiyiniz üçün peşman olmayacaqsınız”.  

 

Bir qismi yaxın gələcəkdə açıqlanacaq Bakı-2015 idman elçiləri sırasına Teylorla yanaşı, britaniyalı taekvondoçu Ceyd Cons, fransalı bədii gimnast Kseniya Mustafaeva, danimarkalı kanoeçi Rene Holten Poulsen, 3x3 basketbolçu üzrə serbiyalı Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviç daxildi. Onlar həm idman növünü təmsil edəcək, həm də Avropa Oyunlarının təşviqi məqsədilə qitə üzrə və sosial mediada marketinq kampaniyalarında iştirak edəcəklər.

 

 

0