“Neftçi”nin braziliyalısı “Sumqayıt”dan çəkinir - FOTO
27.02.2015 - 17:31
“Neftçi”nin braziliyalısı “Sumqayıt”dan çəkinir - FOTO

“Neftçi” hər oyuna qələbə üçün çıxır. “Sumqayıt”la matçda da bizi yalnız 3 xal qane edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Kaue da Silva deyib.

 

Klubun rəsmi saytına danışan 26 yaşlı braziliyalı futbolçu sabahkı rəqibləri “Sumqayıt”ı tərifləməyi də unutmayıb: “Fikrimcə, maraqlı və gərgin oyun olacaq. Rəqib komanda son 5 turda məğlub olmayıb. Müdafiədə və əks-hücumlarda inamlı təsir bağışlayırlar. Qətiyyən arxayınlaşmaq olmaz. Qələbə qazanmaq üçün qol vurmalı və müdafiədə diqqətli olmalıyıq. Çempionluq uğrunda mübarizədə “Qarabağ” böyük üstünlük qazanıb. Amma bu, o demək deyil ki, biz ruhdan düşməliyik. Aradakı xal fərqini azaltmağa çalışmalıyıq. Əvvəldən proqnoz vermək yanlış olar. Biz son ana qədər yalnız yüksək yerlər üçün mübarizə aparacağıq”.

 

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu sabah “Kapital Bank Arena”da baş tutacaq və saat 16:00-da başlayacaq.

0