[b]Əmrah Çəlikəl: “Qarabağ” üçün limitin fərqi yoxdu[/b] - MÜSAHİBƏ
27.02.2015 - 17:49
[b]Əmrah Çəlikəl: “Qarabağ” üçün limitin fərqi yoxdu[/b] - MÜSAHİBƏ

 

“Qarabağ”ın direktoru Əmrah Çəlikəlin apasport.az saytına müsahibəsi

 

- Əksəriyyət artıq “Qarabağ”ı çempion elan edir. Siz də bu fikrə qatılırsız?

- Qarşıda çətin 13 tur var. Bu barədə danışmaq üçün hələ çox tezdi. Yalnız son turlarda bu qədər fərqlə öndə olsaq, o zaman çempionluqdan danışmaq olar. Biz tələsmək istəmirik. Çempionatın belə qızğın vaxtında çempionluqdan dəm vurmaq həm də peşəkarlığa zidd olar.

 

- Ancaq komandanın avrokubokda iştirak edəcəyi, demək olar ki, dəqiqdi. Heyətin gücləndirilməsi prosesinə də artıq başlamısınız. Bunun davamını gözləmək olarmı?

- Biz indi bütün diqqətimizi çempionat oyunlarına yönəltmişik. Hədəfimiz mövsümü ən yüksək pillədə bitirməkdi. Ondan sonra bu məsələ ilə maraqlanacağıq. Bunun üçün kifayət qədər vaxtımız da olacaq.

 

- Dani Kuintananı artıq “Qarabağ”ın oyunçusu saymaq olar?

- Onunla danışıqlar davam edir. Transfer vərəqəsinin əlində olması işimizi asanlaşdırır. Hələ hərtərəfli anlaşmamışıq. Söhbət təkcə puldan getmir. Hədəflər də bir-birinə uyğun olmalıdı. Düzdü, bu məsələdə xeyli məsafə qət edilib. Amma rəsmi sənədə qol çəkənə qədər “Kuintana bizim futbolçudu” deyə bilmərik.

 

- Gələn ay keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında legioner limiti dəyişdirilə bilər. Bu amil sizin strategiyanızı dəyişməyəcək?

- Şəxsən mən 7+4-lə 6+5 arasında elə bir fərq görmürəm. “Qarabağ”ın öz fəlsəfəsi var. Biz həmişə yerli futbolçuların çoxluq təşkil etməsinə çalışmışıq. İstedadlı gənclərimiz var ki, onlar bu komandanın gələcəyidi. Həmişə olduğu kimi, yenə yerlilərə üstünlük verəcəyik.

 

- Manatın ucuzlaşmasının sizə nə kimi təsiri oldu?

- Hamı kimi, bizə də təsir edib. Bizdə futbolçularla müqavilə uzunmüddətlidi. Ən azı 3 illik anlaşma olur. Üstəlik, müqavilədə məbləğ dollarla götürülür. Çətinliklər var, bunu danmıram. Futbolçuların müqaviləsində nə yazılıbsa, onu da verəcəyik. Bir problem olacağını düşünmürəm. Heç kim deyə bilməz ki, manatın ucuzlaşması “Qarabağ”ın hədəfini kiçildəcək. “Qarabağ” həmişə iddialı komanda olub. Məqsədimiz bu adı Avropada layiqincə tanıtmaqdı.

 

Ruslan SADIQOV

0