[b]Cihan Özkara qırmızı vərəqə ilə razılaşmır: Düzgün qərar deyildi[/b]
28.02.2015 - 20:35
[b]Cihan Özkara qırmızı vərəqə ilə razılaşmır: Düzgün qərar deyildi[/b]

“Çox pis oynadıq, sadə qollar buraxdıq. Qələbə qazanmaq istəyiriksə, bunu etməməli idik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun futbolçusu Cihan Özkara deyib.

 

Topaz Premyer Liqasının XXIV turunda paytaxtda “İnter”in qonağı olan “Simurq” meydanı məğlub tərk etdi – 1:2. Bununla da, əyalət təmsilçisi ardıcıl üçüncü görüşdə qələbənin nə olduğunu bilmir: “Bu cür səhvlər etməməli idik. Uduzduğumuza görə məyusam, amma mübarizə hələ başa çatmayıb. Sona qədər davam edəcəyik. Vacib olan komandanın tez bir zamanda toparlanması, 3 xal qazanmasıdı”.

 

Yığmanın da formasını geyinmiş futbolçu meydana ikinci hissədə çıxmasına rəğmən, komandasına kömək etdiyini vurğulayıb: “Oyuna yaxşı qoşuldum. Ola bilər, kənardan nəzərə çarpmayım. Amma komandama kömək etməyə çalışdım. Sadəcə, mən meydana çıxanda hesab 0:2 idi. Bu qollardan birinin əvəzini çıxsaq da, davamını gətirə bilmədik. Hazırda uğursuzluq yaşayırıq. Bu mərhələni mümkün qədər tez keçməliyik. Rəqiblərimiz də güclü olduğumuzu bilirlər”.

 

Futbolçu sonda matçın baş hakimi Əliyar Ağayevin “Simurq”un futbolçusu Marko Stanoyeviçə qırmızı vərəqə göstərməsinə də toxunub: “Şərh vermək istəməzdim. Referi yəqin nəsə görüb ki, bu qərarı verib. Şəxsi fikrimcə, hakim düzgün qərar vermədi. Hər halda, epizodun videoyazısına baxmaq lazımdı”.

 

0