[b]“Nə qədər ayaq üstəyəm, əlim-gözüm varsa, tək qalacam” [/b]– FUTBOL AİLƏSİ
02.03.2015 - 11:06
[b]“Nə qədər ayaq üstəyəm, əlim-gözüm varsa, tək qalacam” [/b]– FUTBOL AİLƏSİ

Apasport.az saytının “Futbol ailəsi” rubrikasının növbəti qonağı təcrübəli mütəxəssis Şahin Diniyevdi. Onunla oğlu - “İnter”in və milli komandanın yarımmüdafiəçisi Coşqunla bağlı danışdıq.

 

- Coşqundan bir oğul kimi razısızmı?

- Müsahibə xatirinə demirəm, Coşqun da daxil olmaqla, övladlarımın dördündən də razıyam. Valideyn üçün ən əsas uşağın tərbiyəsidi. Onun hansı sənəti seçməsi və işində irəliləməsindən çox, tərbiyəsi, özünü necə aparması valideynin başucalığıdı. Gəlib mənə deyə bilərlər ki, oğlunuz futbolu pis oynadı. Amma heç vaxt deməsinlər ki, tərbiyəsində problem var, kiminsə qabağında başıaşağı olmayım. Buna görə də, tərbiyələrinə çox fikir verirəm. Coşqunun 19 yaşı var, şükür edirəm ki, indiyə qədər bir tərbiyəsizliyi olmayıb. Gəncliyi ilə bağlı bəzi balaca şeyləri istisna etmək şərtilə. Ümumi götürdükdə ondan razıyam.

 

- “İnter”in əsas heyət oyunçusu olduğunu və milliyə dəvət aldığını nəzərə alsaq, Coşqunun Kərimlə müqayisədə ümidlərinizi daha çox doğrultduğunu deyə bilərikmi?

- Futbolçuda şans məsələsi var. O şansın düşməsi və hansı komandada oynaması böyük rol oynayır. Kərimin 19 yaşı olanda tamam başqa milli idi. Coşquna bir şans düşüb. Mən oğullarımı bir-birindən ayırmaq istəmirəm. Hər ikisi futbolçu olmağa yetərincə çalışırlar. Coşqunda bir az tez alınır. Ola bilsin, Kərimdə bir az gec alınsın.

 

- Coşqun uşaqlıqda necə olub?

- Çox dəcəl. Kərim həm ağıllı, həm də sakit idi. Coşqun isə əksinə. Onun uşaqlığı tam başqa keçib. Doğulandan dəcəllik edib. Şəkillərinə, videolarına baxanda bunu başa düşmək olar. Məhəllədə çox dava edən, zarafatlaşan, söz atan bir uşaq idi. Sizə bir sirr açım. Mənim Qroznıdan qayıtmağıma səbəb elə Coşqun olub. “Terek”dən qayıtmağımda onun böyük “rolu olub”. Keçid dövründə orta məktəbdə dərslərindən soyumuşdu, mən də burda olmadığımdan, nəzarət itmişdi. Hər uşağın 8-9-cu siniflərdə oxuyarkən keçid dövrü olur. Həmin vaxt uşağa mütləq nəzarət etməlisən. Demirəm ki, elə yanında gəzəsən, sadəcə nəsihətlərin, nəzarətin vacibdi. Mən Coşqunun başqa yola keçməməsi, başqa qrupa düşüb tamam ayrı həyat yolunu seçməməsi üçün qayıtdım. Ondan sonra Coşqun düzəldi. Keçid dövründən çıxaraq, düzgün istiqamətini tuta bildi.

 

- Ən çox bəyəndiyiniz xüsusiyyəti hansıdı?

- Uşaq haqda danışmaq bir az çətindi. Mən gördüyüm qədərilə səmimidi. Amma cığallığı var. Cığallıq etməyi çox sevir, ancaq ürəyiaçıqdı. Dost, valideyn, qardaş-bacı yolunda həm əliaçıqdı, həm də ürəyiaçıq. Bu xüsusiyyətini çox bəyənirəm.

 

- Bəs bəyənmədiyiniz xüsusiyyətləri...

- Təbii ki, bəyənmədiyim xüsusiyyətləri də var. Hər bir şeyə tez reaksiya verməyə çalışır. Nəsə olursa, ürəyinə salır. Həmişə deyirəm ki, hər şey keçicidi. Onu psixoloji baxımdan “sındırmaq” çox asandı. Ancaq qarşısına nəsə məqsəd qoyanda mütləq onu yerinə yetirməyə, sübut etməyə çalışır. Prinsipialdı. Bir şey deyəndə inciyən, küsən uşaqdı. Mənə elə gəlir ki, zaman keçdikcə bu mənada da düzələcək. Çatışmayan xırda cəhətləri çoxdu. Xoşuma gələn odu ki, gözütox uşaqdı. Heç vaxt pula hərisi olmayıb. Nə onun, nə də Kərimin. Mənim aləmimdə valideyn üçün ən böyük şərəfdi bu. Pul hərisi olan insan hər şeyə gedər.

 

- Səhvi olanda Coşqunu necə cəzalandırmısız?

- Ona heç vaxt əl qaldırmamışam. Kiçik vaxtlarından uşaqlarımın mənimlə dost olmasını istəmişəm. Düzdü, hərdən çox danışıram və bilirəm ki, uşaq çox şeyi qəbul etməyə hələ hazır deyil. Danışanda ona düzgün yol göstərməyə çalışıram. Mənim yüz sözümdən 3-4-nü götürsələr, biləcəklər ki, nə demək istəyirəm. Məndə də belə bir xasiyyət var ki, sözümü deyib, əsəbləşirəm. Səsimi qaldıra bilərəm. Amma sözümü deyəndən sonra çəkilib gedirəm. O da başa düşür ki, atası narazıdı. Uşağın həm yaxşı, həm də pis cəhətlərini demək lazımdı. Deməyəndə o, hansı hərəkətinin müsbət, hansının mənfi olduğunu başa düşmür. Futbolda isə yalnız mənfi tərəflərini deyirəm. Çox tərifləmirəm. Həmişə deyirəm ki, azdı, işləməlisiz. Onlar hələ futbolda heç nəyə çatmayıblar.

 

- Sizi ən çox nə vaxt sevindirib?

- Belə məqamlar çox olub. O, futbolçudu. Hər bir uğuru bir ata kimi mənim üçün xoşbəxtlikdi. “İnter”də əsas heyətdə möhkəmlənməsi, milliyə çağırılması məni çox sevindirib. Keçirdiyi hər yaxşı oyuna görə sevinirəm. Mən həmişə fəxr etmişəm ki, belə futbolçularım yox, oğullarım var. Düzdü, Coşqun keçid dövründə meydanda hakimlərlə çox danışırdı, rəqib oyunçuya cavab qaytarırdı. Amma məsləhətlərimdən sonra düzəldi.

 

- Sizin adınızdan istifadə etdiyi hallar olubmu? Və ya heç deyibmi ki, ona görə kiməsə ağız açasız?

- Mən onlara uşaqlıqdan demişəm ki, sizə görə heç kimə ağız açmayacam. Oynacaqsızsa, oynayın, oynamayacaqsızsa, başqa sənət seçin. Özləri də qoymazlar ki, məşqçilərinə nəsə deyəm. Heç bir məşqçi deyə bilməz ki, Şahin müəllim oğullarının oynaması və ya məşq etməsi üçün məndən xahiş edib. Müqavilələri ilə bağlı danışa bilərəm. Amma oynamayanda da razı olmayıblar ki, mən kiminsə ayağına gedim. Deyiblər ki, biz özümüz oyunumuzla hər şeyi yoluna qoyacağıq.

 

- Coşqun məktəbdə necə oxuyub?

- Başıdolu uşaq olub. 6-cı sinfə qədər yaxşı oxuyub. 6-cı sinifdən sonra isə oxumağı sıfır olub. Qoşulub sinif yoldaşlarına, oxumağı arxa plana keçib. Ancaq yaxşı zehni var. 3-4 il məktəbdə sıfır dərəcəsində oxusa da, İdman Akademiyasına imtahan verəndə 77-80 bal yığmalı olsa da, 113 bal yığdı. Savadı var, sadəcə təmbəldi. İndi akademiyada təhsilini davam etdirir.

 

- Coşquna başqa hansı məsləhətləri verirsiz?

- Həmişə deyirəm ki, simanı qoru. Yaxşı oynayanda özünü yuxarıdan aparsan, pis oynayanda yerə girə bilərsən. Nə göylərə qalx, nə də yerin altına gir. Yaxşı oynayanda mütləq yadına sal ki, sabah pis günüm ola bilər, onda özümü necə aparacam. Oyununda nəsə çatışmazlıq varsa, dərhal matçdan sonra çatdırıram özünə. Hakimlərlə danışmamağı, başını aşağı salıb oynamağı məsləhət görürəm. Həmişə deyirəm ki, Messini bir görüşdə 70-80 dəfə vururlar, amma heç kimə bir söz demir, futbolunu oynayır.

 

- Qohum-əqrəba ilə arası necədi? Böyükləri axtarıb-arayandımı?

- Desəm, hər  şey yaxşıdı, səmimi alınmaz. Bu yaşda insan daha çox öz həyatını yaşamağa çalışır. Zəmanə də dəyişib. Əvvəllər böyük-kiçik münasibəti, qohumluq daha yaxşı idi. Amma Coşqun əminin, dayının, hamısının hörmətini saxlayan uşaqdı. Görürəm ki, qohum-əqrəbam da onları çox istəyir. Düzdü, özünün zəng edib, əlaqə saxlaması yoxdu. Mən həmişə deyrəm ki, qardaş-bacısız, bir-birinizə qalan siz olacaqsız. Sizin ən yaxın dostunuz qardaş-bacınız olmalıdı. Ən pis günündə görürsən ki, ən doğma adamların yanındadı. Nəsihətlərimiz qəbul olunmasa belə, biz uşaqlara bunları deməliyik.

 

- Maaşını evə verir, yoxsa özünə götürür?

- Nə qədər alırsa, qəpiyinə qədər gətirib evə verir. Mən də həmin puldan Coşquna xərclik verirəm. Bizim ailənin bir büdcəsi var. İndidən onlara öyrətmək istəyirəm ki, gələcəkdə ailə başçısı olanda büdcəni bir yerə toplasınlar. Əlbəttə, mən də ata olaraq, onların gələcəyi üçün nəsə etməliyəm. Özlərinin xəbəri olmadan uşaqlarımın həyat şəraitini düzəltməliyəm ki, futboldan sonra çöldə, heç nəsiz qalmasınlar. Pul lazım olanda evdən götürürlər. Amma o pulu verəndə də onlara güclə verirəm. Maaşlarından 100 dolları həmişə özlərinə verirəm. Övladlarım bədxərc deyil. Coşquna 5-10 manatı verənə kimi zülm çəkirəm. Olmasa da, deyir cibimdə pul var. Deyirəm ki, bu pulu götürün, gedin təzə paltarlar alın. Amma həmin pulun az qismini xərcləyirlər.

 

- Gələcəkdə hansı oğlunuzun – Kərimin, yoxsa Coşqunun yanında qalmağı düşünürsüz?

- Heç birinin (gülürük). Çünki zəmanə deyişib. Hərənin öz mətbəxi olmalıdı. Nə qədər ayaq üstəyəm, əlim-gözüm varsa, tək qalacam. Amma yaşlı vaxtlarımda yanlarında qala bilərəm. Həmişə demişəm ki, ailə azad, tək olmalıdı. Düzdü, cavan ailənin yanında olmaq lazımdı. Lakin istəyərəm ki, hər ikisi ayrıca, öz ailəsi ilə yaşasın.

 

Tengiz MƏMMƏDOV

0