[b]Anna Pavlova: Anamla nənəm seçimimə qarşı idilər[/b] - MÜSAHİBƏ
02.03.2015 - 13:14
[b]Anna Pavlova: Anamla nənəm seçimimə qarşı idilər[/b] - MÜSAHİBƏ

Bakıda keçiriləcək Avropa Oyunlarında təmsil olunacaq idman növlərindən biri olimpiya proqramına daxil olan qadın idman gimnastikasıdı. Apasport.az saytının məlumatına görə, bu oyunlarda Azərbaycanı 3 idmançı təmsil edəcək. Onlar 6 dəst medal uğrunda – komanda hesabı, şəxsi birincilik, həmçinin ayrı-ayrı finallar – tir üzərində hərəkətlər, müxtəlif hündürlüklü qollar, dayaqla tullanma və sərbəst hərəkətlərdə mübarizə aparacaqlar.


Azərbaycan gimnastı Anna Pavlova bu oyunların mümkün iştirakçılarındandı. Ənənəyə sadiq qalaraq, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti təmsilçimizin idmana gəlişi və digər maraqlı məlumatların yer aldığı müsahibə götürüb.

 

- Gimnastikaya gəlişiniz haqda danışardız. Necə oldu ki, məhz bu idman növünü seçdiniz? 
- Valideynlərim gimnastika üzrə məşqçidilər və mən də bu səbəbdən zalda böyümüşəm. Xüsusi seçimim yox idi və 4 yaşımdan bu idman növü üzrə məşq etməyə başladım.

 

- Necə düşünürsüz, başqa idman sahəsində uğurlu ola bilərdizmi? 
-
Özümü başqa sahələrdə sınamaq üçün şansım var idi. Əsasən, musiqi və şahmatla məşğul olurdum. Daha sonra məktəbə getdim və ikinci növbədə idim. Seçim qarşısında qaldıqda gimnastikaya üstünlük verdim. Bu, mənim seçimim idi. Anam və nənəm buna qarşı idilər, məni rəqsə yazdırmaq istəyirdilər. Lakin bu, məni çox qıcıqlandırırdı. Uşaqlıqda bəyənməsəm də, böyüdükcə rəqsə daha loyal yanaşmağa başladım.

 

- Yarış günü emosiyalarınızla necə bacarırsız? Təmkinli olmağınızın sirri nədədi?
- Hər problemin həllində onun mənbəyinə qayıtmaq lazımdı. Analiz etdikcə, hər şeyi dərk edirsən. Bəzən alınmasa da, artıq bununla heç nə etmək olmur.

 

- Hər hansı idman növündə vacib olan nədi?
- Öz üzərində çalışmaq və məqsədə doğru getmək.

 

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidi? Yoxsa, bu idman növündən asılıdı?
-
Heç bir peşəkar idman insana sağlamlıq deyil, tamamilə fərqli şeylər verir. Sağlamlıq üçün bədən tərbiyəsi ilə məşğul olmaq lazımdı. Gimnastikanın üstün cəhətlərindən biri odur ki, rəqibin yoxdu, necə məşq etmisənsə, o cür də çıxış edəcəksən. Ümumi gimnastika insan sağlamlığı üçün əhəmiyyətlidi. Böyük idman – səyahət imkanları, özünə ad və həyat tərzi qazanmaq şansı verir. Mən təsəvvür edə bilmirəm ki, idman karyeramı bitirdikdən sonra nə işlə məşğul olacam. Məşqçi kimi davam etmək şansım var, lakin bu addımı atmağa hələ hazır deyiləm. Daima hərəkətdə olmağa, tanımadığım ölkələrə səyahət etməyə öyrəşmişəm.

 
- Kumiriniz varmı? 
- Xeyr. Nailiyyətlərinə görə hörmət etdiyim şəxslər var. Təqlid etməyi düzgün saymıram.

 

- Yaxın gələcək üçün idman planlarınız nədi? 
- Zədəmi nəzərə alaraq, nəsə planlaşdırmaq hazırda mənə çətindi. İndi bir məqsədim var – ayağımı müalicə etmək və Avropa Oyunları haqda düşünmək. Məhz oyunlara görə mən bərpa olunmağı qərara aldım və 3 ildi ki, işləyirəm. Mən çox yaxşı formada olmaq istəyirəm. İki ay öncə əməliyyat olunsam da, hər şey lazımı kimi alınmadı. Zədədən sonra mənə sağalmağımın çətin olacağını demişdilər. Özümə də maraqlı idi, bacara biləcəm ya yox? Karyeramı davam etdirməyin nə qədər perspektivli olmasına Avropa Oyunlarından sonra baxacağıq. Lakin günü-gündən çətinləşir. Mən bunu özüm üçün qərar verməliyəm, çünki bir müddət sonra Rio-de-Janeyroda təşkil olunacaq Olimpiadaya lisenziya qazanmaq şansımın olduğu dünya çempionatı keçiriləcək.

 

- Avropa Oyunları sizin üçün nə kəsb edir və ona necə hazırlaşırsız?
-
Mən ilk dəfə karyeramı bitirdikdən sonra Bakıya gəldim. Bura çox xoşuma gəldi və 3 il burda qalmağa qərar verdim. Universiadada iştirak edə bilmədim, əvvəlcə bir məşqçi, daha sonra digər məşqçi icazə vermədi. Bundan sonra isə zədədən əziyyət çəkdim. Düşünürəm ki, Avropa Oyunları da Universiadaya bənzəyir, burada da gimnastikanın növləri təmsil olunacaq. Bu yarışlara hazırlığın nə qədər ciddi olduğunu görürəm, çox maraqlıdı və bu yarışlarda özümü sınamaq istərdim.

 

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz varmı?
-
Düzü, heç bilmirəm. Konkret olaraq arzularım yoxdu, lakin idmandan sonra özümü təsdiq etmək istərdim. İdman çox gözəldi, burada çox şey qazandım, lakin o da bitir. Bundan sonra özünü başqa sahədə tapmalısan. Məsələn, məşqçilik peşəsi məni cəlb edir. Burada özümü sınamasam olmaz, uşaqlara təlim keçmək istərdim.

 

- İdmanla gündəlik həyatınızi birləşdirə bilirsizmi?
-
Mən idmanla yaşayıram, özümü bu sahədən kənarda təsəvvür edə bilmərəm. Bu mənim elə adi həyatımdı.

 

- Ailəniz haqda nə deyə bilərsiz?
-
Ailəm kiçikdi. Atam rəhmət gedib, anam isə şəxsi məşqçimdi. Həmçinin, mənə planlarımı tərtib etməkdə kömək edən balaca qardaşım var. Qohumlarım da var ki, mən onları da ailəmin üzvləri sayıram. Çalışıram onlarla tez-tez görüşüm, alınmasa da əlaqəni internet vasitəsilə saxlayırıq.

 

- Sevdiyiniz şəxs varmı?
- Xeyr.

 

- Adətən azarkeşləriniz tribunlardan sizi necə dəstəkləyirlər və onlardan nə eşitmək istərdiz?
-
Onlar hər şey qışqırırlar (gülür) və dəstəklədikcə çox sevinirəm. Ən adi sözlər belə mənə güclü təsir edir. Onlara demək istərdim ki, dəstək hər idmançı üçün vacibdi. Bu yaxınlarda Meksikada yarışda nümunəvi çıxışlarda olmuşdum. Orada bizi çox səmimi və isti qarşıladılar. Azarkeşlər dəstəkləyir, qışqırır və biz də müsbət enerji alırdıq. Dəstək olan və bizim üçün narahat olan hər kəsə təşəkkürümü bildirirəm. 

 

0