[b]Rəşad Eyyubov: 10 xallıq fərqi aradan qaldırmaq çox çətindi[/b] - MÜSAHİBƏ
02.03.2015 - 13:54
[b]Rəşad Eyyubov: 10 xallıq fərqi aradan qaldırmaq çox çətindi[/b] - MÜSAHİBƏ

“Simurq” klubunun və milli komandanın futbolçusu Rəşad Eyyubovun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXIV turunda “İnter”ə məğlub oldunuz. Oyundan öncə yenə “qardaş komandalar” ifadəsi səslənməyə başlamışdı...

- Bundan xəbərdaram. Bilirəm ki, bəziləri “Simurq” və “İnter”i qardaşlaşmış komanda adlandırırlar. Amma bu, yersiz söz-söhbətlərdi. Hər bir oyunçu qələbə qazanmaq üçün bütün gücünü meydanda qoydu.

 

- “Simurq”un xal və ya xallar qazanması üçün nə çatmadı?

- Məğlubiyyətə görə özümüz günahkarıq. Məncə, əsl gücümüzü göstərə bilmədik. Müdafiədə səhvlərə yol verdik. Bu mövsüm çox qol vururuq. Eyni zamanda, çox qol da buraxırıq. Hazırda ən böyük problemimiz məhz budu.

 

- Bu məğlubiyyətdən sonra “Neftçi” ilə aranızdakı xal fərqi 10-a yüksəldi. İşinizin daha da çətinləşdiyini demək olarmı?

- Şansımız var. Amma realist olmaq lazımdı. 10 xallıq fərdi aradan qaldırmaq çox çətin olacaq. Lakin unutmayaq ki, 4-cü pilləni tutmaqla da avrokuboka vəsiqə qazanmaq olar. Odu ki, mübarizə davam edir.

 

- Martın 4-də ölkə kubokunun 1/4 final mərhələsində “Qəbələ” ilə qarşılaşacaqsız. Sizcə, hansı komandanın yarımfinala çıxmaq şansı daha çoxdu?

- Bizi ağır oyun gözləyir. “Qəbələ” güclü rəqibdi, heyətində səviyyəli futbolçular çıxış edir. Bu görüş həm bizim, həm də onlar üçün çox vacibdi. Bu mənada, hər iki matç maraqlı və gərgin keçəcək.

 

- Avrokuboka vəsiqə qazanmaq mənasında “Simurq” üçün ən rahat yol hansıdı: çempionat, yoxsa kubok?

- İki gündən sonra kubok matçına çıxacağıq. Odu ki, indi yalnız kubok barədə düşünürük.

 

- Robert Prosineçkinin millidəki ilk toplanışında siz də iştirak etdiniz. Xorvatiyalı məşqçi və toplanış barədə nə deyə bilərsiz?

- Toplanış əla keçdi. Komanda daxilində yaxşı atmosfer var idi. Görünür ki, baş məşqçi və onun köməkçiləri işləmək istəyirlər. Necə olacağını isə zaman göstərəcək. Hamımız millinin yaxşı yerlərdə olmasını arzulayırıq.

 

- “Şaxtyor”la görüşdəki çıxışınızdan baş məşqçi razı qaldımı?

- “Şaxtyor”la oyunda Prosineçki bizi iş başında gördü. Onun meydanda bizdən nə tələb etdiyinizi müəyyən mənada dərk etdik. Bu görüş Malta ilə oyuna hazırlıq xarakteri daşıyırdı. O ki qaldı çıxışıma, hər futbolçu matçdan sonra öz çıxışını təhlil edir. Millidə ilk oyunuma çıxırdım. Buna görə də, həyəcan var idi. Baş məşqçi çıxışımla bağlı mənə bir söz demədi. Ümumi olaraq, komandadan razılığını dilə gətirdi. Əsas odu ki, millidə potensial var və inkişaf etmək olar.

 

- Millimiz bu ay Malta ilə rəsmi görüş keçirəcək. Bütün azarkeşlər yığmamızdan yalnız qələbə gözləyirlər...

- Yenidən yığmaya çağırılmağım üçün ilk növbədə, klubumun heyətində yaxşı çıxış etməliyəm. Çox istərdim ki, Maltaya qarşı oynayım. Amma mən oldum, ya olmadım, milli Malta ilə görüşə qələbə üçün çıxmalıdı.

 

Tengiz MƏMMƏDOV

0