[b]Elbrus Məmmədov: İnamla iştaha bir-birinə qarışıb[/b] - MÜSAHİBƏ
02.03.2015 - 14:17
[b]Elbrus Məmmədov: İnamla iştaha bir-birinə qarışıb[/b] - MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXIV turunda “Bakı”ya qalib gəldiniz. Bu, sizin “Xəzər Lənkəran”ın əsas komandasında ilk qələbəniz oldu...

- Bəli, axır ki, “uğursuzluq zolağı”ndan çıxa bildik. Birinci hissədə müdafiə xəttində səhvlər oldu. Amma fasilədə tapşırıqlarımızı verdik və komanda ikinci hissədə həmin səhvləri təkrarlamadı. Futbolçularda istək var idi. Amma bir az həyəcanlı görünürdülər. Bəlkə də, bu, çox istəkli olmaqlarından, həddindən artıq ürəklə oynamaqlarından irəli gəlirdi.

 

- “Bakı” ilə görüşdəki qələbənin təsadüfi olmadığını sübut etmək üçün növbəti turlarda da qələbə qazanmalısız...

- Razıyam. İnşallah, növbəti oyunlardan da qələbə ilə ayrılarıq. Azarkeşlərimizi yenə sevindirməliyik.

 

- Ağabala Ramazanov oyunun həm qəhrəmanı, həm də anti-qəhrəmanı oldu. İki qol vurub komandasına qələbə qazandırsa da, son saniyələrdə qırmızı vərəqə aldı. Bu azmış kimi, yan xətt hakimini söydü. Yəqin ki, onunla bağlı ölçü götürüləcək...

- Ağabala oyunun qəhrəmanı ola bilərdi. Amma son saniyələrdə meydandan qovulması işləri korladı. Həmin epizoda baxdıq. Qırmızı vərəqə haqlı idi. Ağabalanı cəzalandıracağıq. Ona pul cəriməsi kəsiləcək. “Xəzər Lənkəran”da nizam-intizam baxımından, problem yoxdu. Biz bu barədə futbolçularla həmişə söhbət edirik. Başa salırıq ki, hörmət qazanmaq lazımdı. Komandanın adına ləkə gətirmək olmaz.

 

- Yığma komandanın düşərgəsindən qayıdan futbolçuların durumu barədə nə deyə bilərsiz?

- Millinin düşərgəsindən yaxşı vəziyyətdə dönüblər. Rahid Əmirquliyev və Ağabala Ramazanovdan fərqli, Elnur Cəfərov yorğun qayıdıb. O, U-21-in heyətində hər iki yoxlama görüşündə iştirak edib. Düzdü, “Bakı” ilə görüşə əsas heyətdə çıxdı və yaxşı oynadı. Amma yorğunluq hiss olunurdu.

 

- Martın 4-də ölkə kubokunun 1/4 final mərhələsində “İnter”lə ilk oyuna çıxacaqsız. “Xəzər Lənkəran”ın avrokubok şansı məhz kubokdakı taleyindən asılıdı...

- Bunu dərk edirik. “İnter”lə oyuna ciddi hazırlaşırıq. Tural Cəlilov da artıq kollektivlə məşqlərə qoşulub, həmin görüşdə iştirak edə biləcək. Adrian Skarlatake hələ tam hazır deyil, amma onu əsas heyətdə olmasa da, sonradan meydana buraxa bilərəm. İnamım böyükdü ki, “İnter” səddini aşacağıq. İnamla iştaha bir-birinə qarışıb (gülür).

 

- İlk görüşün səfərdə keçirilməsi “Xəzər Lənkəran” üçün əlavə üstünlükdü...

- Mən deyərdim ki, hər iki oyun maraqlı keçəcək. Rəqibin meydanında qol vurmağa çalışacağıq. Bunu bacarsaq, cavab matçı öncəsi yaxşı üstünlük əldə edərik. “İnter” Azərbaycanda yeganə komandadı ki, güc futbolu ilə kollektiv futbolun sintezini yaradıb. Onlara qarşı oynamaq, həqiqətən, maraqlıdı. “İnter”in üstün və zəif cəhətlərini analiz etmişik.

 

- “İnter”lə matçdan sonra sizi daha bir çətin qarşılaşma gözləyir. Ölkə çempionatında “Qarabağ”ın önünə çıxacaqsız. Bu görüşdən hansı nəticə ilə ayrılmağı hədəfləmisiz?

- Açığı, hələ bu barədə düşünmürəm. İndiki məqamda məni yalnız “İnter” maraqlandırır. Həmin oyunu keçirək, sonra “Qarabağ”la görüşü fikirləşərik. Onsuz da, 4 gün vaxtımız olacaq.

 

Tengiz MƏMMƏDOV

 

 

0