[b]Gəlirlər, söyürlər, gedirlər...[/b]
02.03.2015 - 14:24
[b]Gəlirlər, söyürlər, gedirlər...[/b]

Əsas millidən U-16-ya qədər, əksər yığmalarımızın Antalyada olduğu vaxtda “Neftçi”nin baş məşqçisi Arif Əsədov az qala gündəmi zəbt etmişdi. Nədi-nədi, çalışdırıcı AZAL-la görüşdə futbolçusu Emin Mehdiyevə “qoyun” demişdi. Əslində, bu, mənə 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərini xatırladırdı. Həmin vaxt futbolçular və məşqçilər arasında söyüş söyməyənə pis baxırdılar.

 

Düzdü, Əsədovun bu hərəkətini pisləyirəm. Amma razılaşaq ki, Azərbaycan futbolunda belə şeylər artıq adi hal alıb. Buna hələ şükür də etməliyik. Siz Kaxaber Sxadadzenin söyüşlərini eşitməmisiz. Futbolçunu söyməyi adi hala çevirən də məhz “İnter”in baş məşqçisidi. Nəinki futbolçu, hətta hakimləri, rəqibin baş məşqçisini, rəsmisini söyüşə “qonaq” etmək Kaxada ənənə halını alıb.

 

Əsədovun “qoyun” sözü o qədər şişirdildi ki, biədəb ifadə tribunada əyləşən xanımlara ayıb olub. Ona qalsa, gərək “İnter”in oyunlarına heç kim getməsin. Gürcü “Simurq”la son matçda da ağzını havaya açıb, söyüş “yağdırırdı”. Onun ən çox “yağladığı” futbolçu isə Ruben Şaken idi. Bunu da başa düşmək olar. Şakenin transferində Sxadadzenin rizası olmayıb. Axı o, yayda gedir və klubun holland idman direktoru da bu posta gələcək həmyerlisi üçün heyəti yığmağa başlayıb. Sxadadzenin unikallığı ondadı ki, hər dildə söyüş bilir. Əcnəbini ingilis, digərlərini də rus dilində söyüşə qonaq etməyi ondan başqa heç kim bacarmır.

 

Deyəsən, Azərbaycana gəlib söyüşü öyrənməyən futbol adamına da pis baxırlar. “Neftçi”nin braziliyalı müdafiəçisi Karlos Kardoso AZAL-la görüşdən sonra yan xətt hakiminin onu yerli dildə təhqir etdiyini iddia etmiş, şahid kimi də komanda yoldaşı paraqvaylı Erik Ramosu göstərmişdi. Kardoso deyib ki, mən Azərbaycan dilini bilməsəm də, bəzi sözləri öyrənmişəm. Bərəkallah. Yəqin Azərbaycana gələn əcnəbilərdən ilk olaraq söyüşləri öyrənmək tələb olunur.

 

Qayıdaq “qəhrəman”ımız Kaxaber Sxadadzeyə. Məni narahat edən əsas məsələ Əsədovu bir sözə görə yıxıb sürüyən futbol ictimaiyyətinin Sxadadzeyə “gözün üstə qaşın var” deməməsidi. Bilirsiniz niyə, çünki Əsədov yerlidi. Biz hər şeydən ötrü özümüzünküləri “baltalamağı”, əcnəbilərə isə “friend”, “druq”, “abi” deməyi xoşlayırıq. Birdəfəlik etiraf edək ki, özümüz öz qədrimizi bilmirik. O ki qaldı söyüş məsələsinə, Türkiyədə klub rəsmiləri və yerli futbolçular əcnəbilərə himni, bizimkilər isə söyüşü öyrədirlər.

 

Onu da deyim ki, Sxadadze yayda Azərbaycandan gedəcəyi üçün şəxsən mən sevinirəm. Ona görə ki, bu adam illərlə çörəyini yediyi ölkəyə, onun insanına hörmət etmədi. Güclü futbol mütəxəssisi ola bilər. Ancaq fikrimcə, bu adam Azərbaycan futboluna heç bir xeyir vermədi. Bəli, çempion olub, “Birlik Kuboku”nu qazanıb, avrokubokda mərhələ adlayıb. Yaxşı, bu neçə illər ərzində hansı oyunçunu Azərbaycan futboluna qazandırıb? 6-7 ildə bir Coşqun Diniyevi üzə çıxarmaq bəyəm xeyir verməkdi? Yaxşısı budu, getsin ölkəsinə, söyüşlərinə də orda davam etsin.

 

Ruslan SADIQOV

0