[b]“Rabitə” Fransanı fəth etməyə getdi[/b]
02.03.2015 - 15:06
[b]“Rabitə” Fransanı fəth etməyə getdi[/b]

Sabah qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”una start veriləcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında mübarizəni dayandıraraq, ikinci dərəcəli qitə kubokuna yollanan “Rabitə” də ilk matçını martın 3-də keçirəcək.

 

Avrokubokda yeganə təmsilçimiz paytaxt klubunun yarımfinal yolundakı rəqibi Fransanın “Beziers” klubudu. İlk matçına səfərdə çıxacaq Zoran Qayiçin yetirmələri cütün taleyini Aqdedə həll etməyə çalışacaqlar. Əvvəllər də “Rabitə”yə rəqib olan komandanın çempionumuza başağrısı olacağı inandırıcı görünmür. Çünki ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində üz-üzə gələn rəqiblərin duelində fransalıların qazancı yalnız 1 set olmuşdu – 0:3, 1:3.

 

Həmçinin, Qayiçin gəlişindən sonra rəqiblərinə 1 xal da verməyən paytaxt klubu bu uğurlu seriyanı avrokuboklarda da davam etdirmək niyyətindədi. Serbiyalı çalışdırıcı ilə Super Liqa matçlarında qarşısıalınmaz olan “Rabitə” komandaya dünya çempionluğunu qazandıran mütəxəssisin dönüşündən sonra ilk beynəlxalq oyununa çıxacaq. Düşərgədə əhval-ruhiyyənin qaydasına düşməsi də voleybolçularımızın səfərdən “quru hesablı” qələbə ilə qayıdacağına böyük inam yaradır.

 

Martın 1-dən Fransaya yollanan “Rabitə” uduzacağı halda belə 9 gün sonra Bakıda təşkil olunacaq cavab qarşılaşmasında qalib gəlməklə, tarixində ikinci dəfə bu yarışın yarımfinalına çıxa bilər.

 

CEV kuboku

Çelenc raund, ilk oyun

3 mart

23:00. “Beziers” (Fransa) – “Rabitə” (Azərbaycan)

Hakimlər: Omero Satanassi (İtaliya), Xuan Alvares (İspaniya)

Aqde, İdman Sarayı

0