[b]“Avropa Oyunlarında hər şeyin yüksək səviyyədə olacağına şübhə etmirəm”[/b]
02.03.2015 - 18:01
[b]“Avropa Oyunlarında hər şeyin yüksək səviyyədə olacağına şübhə etmirəm”[/b]

Gimnastika növləri üzrə açıq Azərbaycan çempionatının iştirakçıları Bakıya gəlib. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, I Avropa Oyunlarına test xarakterli yarışa qatılacaq 22 ölkədən olan 133 gimnast birinciliyin startını gözləyir.

 

Turnirə qatılacaq idmançılar həm çoxnövçülük, həm də ayrı-ayrı hərəkətlərdə qalibləri müəyyənləşdirəcəklər. Mükafatlar uğrunda tanınmış idmançılardan dünya çempionu rusiyalı Yana Kudryavtseva, Olimpiya Oyunlarının gümüş mükafatçısı xorvatiyalı Filip Ude, Avropa çempionu israilli Aleksandr Şatilov və digərləri mübarizə aparacaqlar.

 

Qonaqlar yaradılan şəraitdən razıdılar və martın 4-6-da baş tutacaq yarış öncəsi paytaxtımızda keçirdikləri hər gündən həzz aldıqlarını açıqlayıblar. Avropa Gimnastika İttifaqının (UEG) Texniki Komitəsinin üzvü olan xorvatiyalı hakim Mario Vukoya səfərlə bağlı təəssüratlarını açıqlayıb: “Mən üçüncü dəfə Azərbaycanda oluram və görürəm ki, ölkəniz idmanın inkişafına böyük qüvvə sərf edir. Bu da düzgündü. Çünki idman həyat tərzidi. Xorvatiyanı bu turnirdə bizim məşhur gimnastımız Filip Ude təmsil edəcək. Bir sözlə, biz qarşıdakı starta çox ciddi yanaşırıq. Avropa Oyunlarına hazırlıq demək olar ki, başa çatıb. Bu yarışda hər şeyin yüksək səviyyədə olacağına şübhə etmirəm. Təşkilatçılıq məsələlərinə gəldikdə, demək olar ki, Azərbaycan tezliklə gimnastikada bir nömrə olacaq”.

 

Bədii gimnastika üzrə latviyalı hakim Qalina Maryina da təəccübünü gizlədə bilməyib: “Ölkənizdə sonuncu dəfə ötən il olmuşam. Lakin hər dəfə biz gördüklərimiz müsbət dəyişikliklərdən təəccüblənirik. Biz Azərbaycan idmançılarının necə artırdığını da görürük. Onlara uğurlar arzulayıram. Avropa Oyunları çox maraqlı hadisədi. Bakıda yaradılan şəraiti nəzərə alsaq, biz yalnız yaxşı həsəd apara bilərik”.

 

8 qat dünya çempionu olan Yana Kudryavtsevanın məşqçisi Yelena Karpuşenko xoş təəssüratları ilə yanaşı, iddialarını da açıqlayıb: “Ümid edirik ki, bu start son yarışlarla müqayisədə daha uğurlu olacaq. Avropa Oyunlarının çox maraqlı layihə olduğunu düşünürəm. Belə turnirlərin keçirilməyə başlamasına çox şadam. Bakı çox xoşumuza gəlir. Biz ötən Avropa çempionatında buradaydıq. Bu gün isə mənə elə gəldi ki, heç buradan getməsək də olar. Millinizin baş məşqçisi Mariana Vasilyevaya çox hörmət edirəm. Onun yaradıcı yanaşması və tələbləri xoşuma gəlir. Azərbaycanın yeniyetmə komandasının Macarıstandakı çıxışından sonra onlara məftun olmuşdum”.

 

Qeyd edək ki, martın 4-də start götürəcək və Avropa Oyunlarına test xarakteri daşıyacaq yarışdan 1 gün öncə Bakı-2015 üçün bu idman növünün püşkü atılacaq. Həmin gün baş tutacaq mətbuat konfransında isə Azərbaycan Gimnastika Federasiyasının baş katibi, UEG-in vitse-prezidenti Fərid Qayıbov, UEG-in prezidenti Jorj Gelzek, qurumun texniki komitələrinin rəhbərləri, həmçinin Avropa Oyunlarının Əməliyyat Komitəsinin idman direktoru Pirs O Kalaqan da iştirak edəcək.

0