[b]Aneta Havlikova: Heç nə alınmır[/b]
03.03.2015 - 10:59
[b]Aneta Havlikova: Heç nə alınmır[/b]

“Lokomotiv” digər komandalardan müsbət cəhətdən çox fərqlidi. Burada mən özümü çox rahat hiss edirəm, heç bir təzyiq yoxdu”. Apasport.az saytının məlumatına görə, bunu Çexiya millisinin voleybolçusu Aneta Havlikova deyib.

 

Bakının “Lokomotiv” klubunun şərəfini qoruyan hücumçu komandası və Azərbaycan barədə danışıb. O bildirib ki, ötən il çıxış etdiyi “Fənərbaxça” (Türkiyə) ilə müqayisədə “dəmiryolçular”da hansısa təzyiqdən söz gedə bilməz: “Keçən il mən başqa komandada çıxış edirdim və orada oyunçulara böyük təzyiq göstərilirdi. Bu çox pis haldı. Çünki insana təzyiq göstəriləndə, heç nə alınmır. Özümü bu “Lokomotiv”də çox rahat hiss edirəm. Çünki əminəm ki, pis oynasam da belə, arxamda mənə dəstək olan komandam durub”.  

 

Havlikova 2012/2013 mövsümündən sonra paytaxt klubuna ikinci dönüşündə yaxşı mənada təəccüblənib: “Azərbaycanda ikinci mövsümdü çıxış edirəm. Hər şey – şəhər, insanlar, komandamız çox dəyişib. Voleybol getdikcə inkişaf edir”.

 

Aneta meydanda arxayın görünməsinə də aydınlıq gətirib: “Oyun meydançasında və ondan kənarda çox fərqliyəm. Bəzi dostlarım mənim çıxışımı izlədikdən sonra deyirlər ki, oyunda özümdən razı görünürəm. Özümü çox yaxşı tanıyıram və matçda ciddi olmalıyam, çünki gülən kimi özümü zəif idarə edə bilərəm. Əgər qarşılaşmada bütün bacardığımı etmək istəyirəmsə, diqqətimi cəmləşdirməliyəm. Oyundan sonra mən yenidən həmənki kimiyəm və özümdən çox razı olduğumu düşünmürəm”.

 

Havlikova komandanın yeni yaranan fanat ordusu haqda da xoş sözlər deyib. O bildirib ki, 2 il öncə Azərbaycanda oynayanda voleybol indiki kimi yüksək səviyyədə deyildi: “İdman zalında bu qədər azarkeş görmək çox xoşdu. Bu, voleybolçulara müsbət enerji bəxş edir. Fanatlarımız komandamızı hər yerdə izləyir, onlar möhtəşəmdi. Əminəm ki, ən yaxşı azarkeşlər məhz bizim komandaya məxsusdu. Matç zamanı mən fikirlərimi yalnız oyuna cəmləşdirirəm, lakin buna baxmayaraq fanatları eşidirəm və onlardan gələn enerjini hiss edirəm. Komanda xal qazananda, onlar bizə təsir göstərməklə daha da çox xal qazanmağa da məcbur edirlər”. 

 

Bu mövsüm zədədən əziyyət çəkən 28 yaşlı çexiyalı voleybolçu karyerasını bitirdikdən sonra işləmək istədiyi sahəni də müəyyənləşdirib. Onun sözlərinə görə, gələcəkdə polis olmaq arzusundadı: “Bir neçə dəfə zədələndikdən sonra fərqli düşünməyə başladım. Anladım ki, idman karyeramı bitirdikdən sonra başqa bir işlə də məşğul olmaq lazımdı. Bu səbəbdən mən Polis Akademiyasını bitirmişəm, bakalavr dərəcəsindəyəm. Voleyboldan sonra polisdə işləmək istərdim. Kriminalistika çox xoşuma gəlir. Xüsusilə də narkomaniyaya qarşı mübarizə sistemində çalışmaq istərdim”.

0