[b]Cavid Hüseynov: “Dnepr”də ehtiyatda çürüməkdənsə...[/b]
04.03.2015 - 13:23
[b]Cavid Hüseynov: “Dnepr”də ehtiyatda çürüməkdənsə...[/b]

“Dnepr”in maraq dairəsinə düşdüyümü mən də eşitmişəm. Açığı, Markeviçin millinin “Şaxtyor”la oyununu izlədiyini bilmirdim. Matçdan sonra dedilər ki, məni bəyənib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin və millinin futbolçusu Cavid Hüseynov deyib.

 

Ukraynanın “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç tərəfindən bəyənilən Hüseynov rəsmi təklif gələcəyi halda, razılıq verəcəyini bildirib. Amma Cavidin də öz tələbləri var: “Markeviçin özü ilə söhbətimiz olmayıb. Sadəcə, oyunumu bəyəndiyini eşitdim və bu, məni çox sevindirdi. Yayda rəsmi təklif gəlsə və görsəm ki, fikirləri ciddidi, gedə bilərəm. Gedib orda oynamaq şərtilə, təklifi qəbul edərəm. Əgər oynamayacağamsa, getməyimin nə mənası var? “Dnepr”də ehtiyatda çürüməkdənsə, öz çempionatımızda oynayaram. Mənim üçün müqavilənin maddi tərəfi də önəm daşıyır. “Dnepr”də “Qəbələ”də aldığım puldan az pula oynamaram. Legioner həyatı yaşayacağamsa, burdakından çox pul almalıyam. Mənim də ailəm, uşağım var. Amma xarici kluba getməkdən çəkinmirəm. 18-20 yaşım yoxdu ki, perspektivli futbolçu hesab edilim. 26 yaşım var, oynayan vaxtımdı”.

 

Hüseynov zədəsini sağaltsa da, “Simurq”la bu gün keçiriləcək kubok oyununu buraxacaq: “Zədəmi, demək olar ki, tam sağaltmışam. Bugünkü məşqdə var gücümlə iştirak edə bildim. Amma “Simurq”la kubok matçını buraxacam. İnşallah, “Sumqayıt”la çempionat görüşündə meydanda olacam”.

 

Tengiz MƏMMƏDOV

0