[b]Dünya çempionlarının üçü birdən Azərbaycana gəlir[/b]
04.03.2015 - 14:25
[b]Dünya çempionlarının üçü birdən Azərbaycana gəlir[/b]

"Synergy Group"un təşkilatçılığı və sponsorluğu ilə apreldə Avropa çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq "ShamkirChess 2015" turniri keçiriləcək. Apasport.az saytının xəbərinə görə, bu mötəbər yarışda iştirak edəcək qrossmeysterlərin adları artıq dəqiqləşib.

 

Azərbaycanda keçirilən şahmat turnirində ilk dəfə olaraq 3 dünya çempionu mübarizə aparacaq. Turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç, 2863), sabiq dünya çempionları Vişvanatan Anand (Hindistan,2791), Vladimir Kramnik (Rusiya, 2783), FİDE reytinq siyahısında 2-ci olan Fabiano Karuana (İtaliya, 2802), Aniş Giri (Hollandiya, 2790), Uesli So (ABŞ, 2788), Maksim Vaşi-Lagrav (Fransa, 2716) o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarovla (FİDE reytinqində 13-cü yer, 2756), Teymur Rəcəbov (20-ci yer, 2738) və Azərbaycan çempionatının son qalibi Rauf Məmmədov (92-ci yer, 2658) iştirak edəcək.

 

Turnirin mükafat fondu 100.000 avro təşkil edir.

 

Azərbaycan qeyri-neft sektorunun ən iri yerli investiya qruplarından biri sayılan "Synergy Group"un təşkilatçılığı və sponsorluğu ilə baş tutacaq yarışın keçirilməsində əsas məqsəd məşhur şahmatçı Vüqar Həşimovun xatirəsini yad etmək, ölkədə şahmatın inkişafına dəstək olmaqdı.

 

"Synergy Group"un İdarə Heyəti Sədrinin 1-ci müavini və turnirin Təşkilat Komitəsinin sədri Fəxriyar Cabbarov bildirmişdir ki, “ShamkirChess2015” Azərbaycanda intellektual oyunların və şahmatın inkişafına töhfə verdiyi ən mötəbər beynəlxalq tədbirlərdəndir: "Biz sevirinik ki, 16-26 aprel tarixində şahmat üzrə dünya çempionları, Vüqar Həşimovu sevənlər, onunla birgə çalışanlar və eyni zamanda şahmat həvəskarları bizimlə birgə Şəmkirdə olacaqlar. Şahmatsevənlər Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik kimi qrossmeysterlərin oyununu canlı izləmək imkanı əldə edəcək. Bu sadəcə şahmat turniri deyil, çünki, dünyanın aparıcı şahmat ulduzlarının iştirak etdiyi yarış 10 gün ərzində Azərbaycanı dünyanın şahmat mərkəzinə çevirəcək. "Synergy Group" olaraq biz hər zaman davamlı gələcəyə doğru peşəkar və sistematik addımlar atır və cəmiyyətin inkişafına töhfə veririk”.

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. 10 gün davam edəcək turnirin açılış mərasimi 16 apreldə olacaq.

 

0