[b]Elvin Məmmədov: Dörd xalımızı əlimizdən aldılar[/b] - MÜSAHİBƏ
04.03.2015 - 14:53
[b]Elvin Məmmədov: Dörd xalımızı əlimizdən aldılar[/b] - MÜSAHİBƏ

“İnter”in yarımmüdafiəçisi Elvin Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Premyer Liqada ilk “üçlüy”ü böyük ölçüdə təmin etmisiniz. Bu amilin kubok matçlarına daha rahat hazırlaşmağınıza köməyi olmur?

- Açığı, bu barədə düşünməmişik. Çempionatda ikinci pillədə yer alsaq da, bununla kifayətlənmək fikrimiz yoxdu. Ancaq öz işimizi görürük, ümidimizi itirmirik. Çempionluğa doğru gedirik. Çempionluq uğrunda mübarizə aparmağa qadirik. Mövsümün sonuna hələ vaxt var. Kağız üzərində “Qarabağ” favorit ola bilər. “Qarabağ” çox yaxşı futbol oynayır. Hazırda turnir cədvəlinə də başçılıq edir. Amma futbolda hər şey ola bilər. Səhv etmirəmsə, bir dəfə “İnter” belə vəziyyətdən çıxıb çempion olub. Bu üzdən də həm çempionat, həm də kubok oyunlarına bütün gücümüzü qoyuruq.

 

- “Qarabağ”ın ötən turda “Qəbələ”yə məğlub olması sizin üçün gözlənilməz olmadı?

- Düzü, “Qarabağ”ın xal itirməyini biz də gözləmirdik. Ancaq biz də “Sumqayıt”la görüşdə xal itirmişdik. Halbuki, həmin matçın favoriti göstərilirdik. Futbolun da gözəlliyi bundadı. “Qarabağ”ın son turda uduzmasından istifadə edib xal fərqini 6-ya endirdik. Fərqi tamam “əritmək” üçün əlimizdən gələni edəcəyik.

 

- “Qarabağ”la oyunlarınızı çempionluq yarışında həlledici saymaq olar?

- Həlledici olmasa da, böyük təsiri olacaq. Çünki “Qarabağ”ın “Neftçi” ilə oyunu olacaq, Qəbələ səfərinə yollanacaq. Hər an hər şey dəyişə bilər. Biz isə çempion olmaq istəyiriksə, bundan sonra xal itirməməli, maksimum nəticə göstərməliyik.

 

- Hər “İnter” – “Simurq” oyunu ərəfəsində “qardaşlıq” münasibəti qabardılır. Ötən turda da bu rəqibi məğlubiyyətə uğratdınız...

- Bəzi kanallarda da bu barədə danışılır. Bir məsəl var: adın çıxınca, canın çıxsın. Bu iddianı ortaya atanlar heç olmasa arxivə baxsınlar. Bu mövsümün ilk iki dövrəsində “Simurq” bizimlə heç-heçə edib. Yəni bizim 4 xalımızı əlimizdən alıb. Əgər bizə uduzsaydılar, indi “Qarabağ”dan cəmi 2 xal geridə idik. Həmçinin, ötən mövsümə nəzər yetirin. “Simurq” bizdən 5 xal almışdı. Nəticədə “Qarabağ” bizi 5 xal üstələyərək çempion olmuşdu. Halbuki, həmin oyunları “Simurq” bizə versəydi, çempion olardıq. Bəlkə də, keçmişdə belə şeylər olub. Bu barədə bir şey deyə bilmərəm. Amma indi bundan söhbət gedə bilməz.

 

- Belə söz-söhbətlər “Simurq”la matçlara köklənməyinizə mane olmur?

- İnanırsınız, artıq vərdiş etmişik. Çünki, onsuz da, hər dəfə danışılır. Baş məşqçi də deyir ki, bu dedi-qodulara fikir verməyin. Elə “Simurq” da göstərmək istəyir ki, zəif rəqib deyil. Diqqət yetirin, “Simurq”un da avrokuboka vəsiqə qazanmaq şansı var. Belə bir vəziyyətdə niyə bizə qəsdən uduzsunlar? Bunların hamısı boş söz-söhbətlərdi.

 

Ruslan SADIQOV

0