[b]Səlahət Ağayev: “Qarabağ” və “Sumqayıt”ın fərqi yoxdu[/b]
05.03.2015 - 12:24
[b]Səlahət Ağayev: “Qarabağ” və “Sumqayıt”ın fərqi yoxdu[/b]

“Xəzər Lənkəran” daha çox gənclərdən təşkil olunsa da, yaxşı komandadı. Əsas odu ki, öz meydanımızda qapımızdan top buraxmadıq və qələbə qazandıq. Məncə, 2:0 hesablı qalibiyyət yaxşı nəticədi”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun qapıçısı Səlahət Ağayev deyib.

 

Ölkə kubokunun 1/4 final mərhələsində “Xəzər Lənkəran” üzərindəki 2:0 hesablı qələbəni dəyərləndirən Ağayev rəqib haqda da müsbət fikirlər səsləndirib: “Rəqib də yaxşı oynadı. Heyət baxımından bir az zəifləyə bilərlər. Amma cavan uşaqlar canla-başla 90 dəqiqə mübarizə apardılar. Futbol belə bir oyundu ki, 2 qol vurandan sonra istər-istəməz bir qədər geri çəkilirsən. Buna görə də, qalan dəqiqələrdə “Xəzər Lənkəran” hücuma daha çox atıldı. Arxayınlaşmaq olmaz. 2:0 böyük hesab deyil. Nəzərə almaq lazımdı ki, cavab matçı Lənkəranda keçiriləcək. Cavan uşaqlar doğma meydanda daha ürəkli oynayacaqlar. Odu ki, arxayınlaşmamalıyıq. Üstünlüyümüzü qoruyub saxlamalıyıq.

Lənkəran azarkeşləri həmişə öz komandalarına dəstək olurlar. Amma onların yaradacağı atmosfer bizi qorxutmamalıdı. Əksinə, futbolçu elə atmosferdə daha istəkli oynayır. Onda oyun da maraqlı keçir”.

 

Ağayev ölkə çempionatının XXV turu çərçivəsində “Neftçi” ilə keçiriləcək paytaxt derbisi haqda da fikirlərini bölüşüb. O, çempionluq şanslarını sona qədər davam etdirəcəklərini vurğulayıb: “Biz hər bir oyuna ciddi hazırlaşırıq. Azərbaycan çempionatında zəif rəqib anlayışı qalmayıb. “Qarabağ”, “Neftçi” və ya “Sumqayıt”ın fərqi yoxdu, hamısı bizim üçün eyni komandadı. Əgər çempionluğa oynayırıqsa, bütün oyunlara ciddi yanaşmalıyıq və hər xal bizim üçün önəmli sayılmalıdı. Həftəsonu “Neftçi” ilə ağır matça çıxacağıq. “Qarabağ”ın keçən tur “Qəbələ”yə məğlubiyyəti bizim üçün də yaxşı oldu, şans yarandı. Bütün görüşlərə qələbə üçün çıxırıq. O ki qaldı çempionluğa, “Qarabağ”la iki oyunumuz var. Həmin matçlardan çox şey asılıdı”. 

0