[b]Ukraynalı millimizə cəlb olunur: AFFA FİFA-dan cavab gözləyir[/b]
05.03.2015 - 13:02
[b]Ukraynalı millimizə cəlb olunur: AFFA FİFA-dan cavab gözləyir[/b]

AFFA Ukraynanın “Metallurq” (Zaporojye) klubunun futbolçusu Pavel Paşayevin Azərbaycan millisinə cəlb olunması üçün FİFA-ya müraciət edib. Apasport.az saytının məlumatına görə, əslən azərbaycanlı olan müdafiəçi assosiasiyaya müraciət edərək, yığmamızda oynamaq istədiyini bildirib.

 

Bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq,  Ukrayna Futbol Federasiyası  bildirib ki, o, bu ölkənin  aşağı yaş qruplarından ibarət yığmalarında iştirak edib, lakin əsas komandada oynamayıb.  Bu üzdən də AFFA onun müvafiq qaydalara uyğun olaraq, Azərbaycan millisində forma geyinməsinə razılıq vermək üçün FİFA-ya müraciət edib.

 

Luqansk vilayətində anadan olan 27 yaşlı futbolçu Kremençuqun “Atlant” klubunun yetirməsidi. Peşəkar karyerasına “Dnepr”də başlayan müdafiəçi 2004-14-cü illərdə bu klubun oyunçusu olub. Əsas heyətə düşməkdə çətinlik çəkən arxa xətt oyunçusu bu müddətdə icarə əsasında “Krivbass” (2008, 2012-13) və “Karpatı”da da çıxış edib. Paşayev ötən ilin yayında Zaporojye “Metallurq”u ilə 1 illik müqavilə imzalayıb.

 

Pavel Ukraynanın U-17, U-19, U-21 yığmalarında oynamaqla yanaşı, əsas komandanın qeyri-rəsmi matçlarının iştirakçısı olub. İlk belə matç 2009-cu il fevralın 10-da Slovakiyaya qarşı keçirilən görüşdü. O, “Dnepr” və “Krivbass”da çıxış etmiş, 2008-ci avtomobil qəzasında ölən Maksim Paşayevin əkiz qardaşıdı.

 

 

0