[b]Rauf Əliyev: Sanki birinci dəfədi oynayıram[/b] – MÜSAHİBƏ
05.03.2015 - 18:01
[b]Rauf Əliyev: Sanki birinci dəfədi oynayıram[/b] – MÜSAHİBƏ

“Neftçi” klubunun futbolçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi.

 

- Ölkə kubokunun 1/4 final mərhələsində AZAL-la ilk görüşdə qolsuz heç-heçə etdiniz. Oyunun bu qədər sönük keçməsi nə ilə bağlıdı?

- Qarşılaşmaya yaxşı başladıq. Sonradan temp bir az aşağı düşdü. Bu, cütün ilk qarşılaşması idi. Bilirdik ki, AZAL müdafiədən oynayacaq. Belədə üstünlük tərəfimizdə oldu. Ancaq bu cür komandanın müdafiə xəttini yarmaq asan deyil. Rəqib risk etmədi. Bizə də doğma meydanda qol buraxmaq çətinlik yarada bilərdi.

 

- Sizcə, qeydə alınan hesab kimin işinə yaradı?

- Şanslar bərabərdi. Heç kim qol vurmadığından, kimisə üstün saymaq olmaz. Bu hesabın kimə yaradığını cavab matçından sonra biləcəyik.

 

- Komanda yoldaşların AZAL-ın ev oyunlarını keçirdiyi Şüvəlan stadionunun süni örtüyünün bərbad vəziyyətdə olmasından şikayətlənir. Bu amil cavab matçında rəqibin xeyrinə işləyə bilərmi?

- Çempionat oyununda onlara qalib gəldik. Amma etiraf edim ki, orda oynamaq çox çətindi. Həmin meydanda 90 dəqiqə ərzində təkcə futbol oynamırsan, həm də zədələnməməyə çalışırsan.

 

- Matçdan öncə yaranan söz-söhbət nə dərəcədə əsaslıdı?

- Bu, mümkün olan şey deyil. Mübarizəmizi davam etdirəcəyik. Cavab oyunundan sonra yarımfinala kimin çıxacağı aydınlaşacaq.

 

- Bazar günü çempionatda çətin oyununuz var. “İnter”lə ikinci pillə uğrunda matçda kim daha şanslıdı?

- Elə alınıb ki, 2-3 gündən bir oyuna çıxırıq. Bu da yorğunluq yaradır. Amma heyətimizin geniş olması xeyrimizədi. İkinci yer deyəndə ki, biz zirvə üçün sona qədər vuruşacağıq. Bu yolda əsas rəqiblərimiz “Qarabağ” və “İnter”di.

 

- Bu görüşdə ikinci yerə yüksəlmək şansı “Neftçi” üçün stimul ola bilərmi?

- Hər oyuna 3 xal qazanmaq üçün çıxırıq. Qələbə bizim üçün çox vacibdi. Elə ən böyük stimulumuz da bu olacaq.

 

- Hələ də “Neftçi”yə adaptasiya olmamısınız?

- Problemim az oynamağımla bağlıdı. Bu halla heç vaxt üzləşməmişdim. Formasını geyindiyim klublarda əsas heyət üzvü olmuşam. “Neftçi”yə gələndən bəri 3-4 turu buraxmışam, meydana əksər hallarda sonradan daxil oluram. Bu da çətinlik yaradır. Meydana çıxanda elə bilirəm ki, sanki birinci dəfədi oynayıram. Daim oynayanda rahat oluram.

 

- Üzərinizdə təzyiq hiss edirsinizmi?

- Oynamamağım hərtərəfli problem yaradır. Çalışmalıyam ki, əsas heyət üzvünə çevrilim. Yoluna düşəcəyinə ümid edirəm. “Bakı”ya keçən zaman da bu cür problemlə üzləşmişdim, ancaq tez yoluna qoydum.

 

- Qarşıdan millinin Malta ilə rəsmi oyunu gəlir və hücum xəttində ümid bəslənilən futbolçulardan biri sizsiz. Bu cür davam etsə, həmin qarşılaşmada yığmaya necə kömək edəcəksiniz?

- Millinin düşərgəsinə yollanan zaman formada oldum-olmadım fərqi yoxdu, əlimdən gələni edirəm. Var gücümlə komandamıza kömək etməyə çalışıram. Ümid edirəm ki, baş məşqçi həmin oyuna məni də dəvət edəcək.

 

 

0