Bakı-2015: Akkreditasiyadan keçmə müddəti artırıldı
06.03.2015 - 13:19
Bakı-2015: Akkreditasiyadan keçmə müddəti artırıldı

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi yeni qərar qəbul edib. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, iyunun 12-28-də keçiriləcək I Avropa Oyunları üçün mətbuat nümayəndələrinin akkreditasiyadan keçmə müddəti rəsmi olaraq uzadılıb.

 

Belə ki, akkreditasiyadan keçmək üçün son tarix ilkin olaraq, martım 6-sı göstərilsə də, bu tarix aprelin 3-nə dəyişdirilib. Buna  mətbuat nümayəndələri tərəfindən göstərilən böyük maraq və ərizələri təqdim etmək üçün daha çox vaxtın olması ilə bağlı çoxsaylı müraciətlər səbəb olub.

 

Bakı-2015-in Təşkilat Komitəsi Avropa Oyunlarını işıqlandırmaqda maraqlı olan mətbuat nümayəndələrinə akkreditasiyadan keçmək üçün son tarixdən öncə müraciət etmələrini tövsiyə edir. Çünki həmin tarixdən sonrakı müraciətlər qəbul olunmayacaq. Təsdiqini tapdıqdan sonra beynəlxalq mətbuat nümayəndələrinə Azərbaycana daxil ola bilmələri üçün viza xidməti göstərəcək kart göndəriləcək.

 

Təşkilat Komitəsi, həmçinin yerlərin sayı məhdud olduğundan mətbuat nümayəndələrini yeni tikilmiş Media Kəndində otaq (səhər yeməyi daxil olmaqla bir gecə üçün 50 Avro və ikinəfərlik iki çarpayısı olan otaq üçün bir gecəsi 65 Avro) bron etməyə çağırır. Atletlər Kəndinin yanında yerləşən Media Kəndi bütün Bakı-2015 obyektləri üçün nəqliyyat qovşağı rolunu oynayacaq və orada iş və iaşə obyektləri yerləşəcək. 

0