[b]Tərlan Əhmədov təkzib edir: Onları Allaha tapşırıram[/b]
06.03.2015 - 16:23
[b]Tərlan Əhmədov təkzib edir: Onları Allaha tapşırıram[/b]

“Türkiyə ilə illər öncə keçirdiyimiz matçla bağlı fikirlərimi düzgün başa düşməyiblər. Dediklərimi başqa tərəfə yozublar”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Keçmiş müdafiəçinin illər öncə keçirilən Azərbaycan – Türkiyə matçı ilə bağlı səsləndirdiyi fikirlər rezonans doğurub.

 

Əhmədovun açıqlamasından sonra Türkiyə mətbuatında da bu haqda yazılar dərc olunub və həmin qarşılaşmanın danışılmış oyun olub-olmamağı ilə bağlı müzakirələr aparılıb. Fikirlərinin yanlış anlaşıldığını bildirən Əhmədov məsələnin Türkiyə tərəfi ilə bağlı olmadığını dilə gətirib: “Mənə “Neftçi” ilə kubok görüşündən sonra mətbuat konfransında sual verildi ki, guya çempionatda “Neftçi”yə oyunu satmışıq, əvəzində kubokda onlar bizə uduzacaqlar. Dedim biz elə komanda formalaşdırmışıq ki, heç vaxt belə şeylərə getməz. Mən Türkiyə ilə oyunöncəsi bir-iki millət vəkilimizin mətbuatdan səslənib, “çox şey eləməyin, təzyiq olmasın” sözlərini işlətdiyini demişəm. Həmin oyunda dava-dalaş düşdü, ümumiyyətlə, matç çox aqressiv keçdi. Həmin deputatlar hətta görüşdən sonra demişdilər ki, belə olmaz, iki qardaş komandayıq, gərək bu cür təzyiq göstərməyəydik. Mətbuat vasitəsilə onlara cavab vermişdim ki, futbolda mənim üçün qardaş yoxdu. Mən nə Türkiyə futbolçularının, nə məşqçilərin, nə də federasiyanın adını çəkmişəm. Həmin vaxt türkiyəlilər dünya çempionatının final mərhələsinə çıxmaq ərəfəsində idilər. Kapitan olduğumdan, ən çox təzyiq mənə ünvanlanmışdı. Dedim ki, mənim əqidəmdə elə şey yoxdu, mənim üçün əsas şərəfdi. Mətbuat konfransında da bu nöqteyi-nəzərdən bildirdim ki, heç vaxt oyun satmaram. Heç kim deyə bilməz ki, Tərlan nə vaxtsa çirkin oyunlara gedib. AZAL-da yavaş-yavaş nəticə qazanmağa başladığımız bir vaxtda bu cür söz-söhbətlərin ortaya atılması məni çox məyus etdi”.

 

Əhmədov bildirib ki, fikirlərinin təhrif olunması kimlərinsə tapşırığı sayəsində edilir: “İki qardaş ölkə arasındakı dostluğu korlamaq, bundan istifadə etmək istəyənlər var. Mən o sözləri işlədəndə bizim bəzi millət vəkillərini nəzərdə tutmuşdum, türklər barəsində heç bir söz işlətməmişdim. Həmişə demişəm ki, heç kimin yanında gözü kölgəli olmaq istəmirəm. “Neftçi” ilə danışığa getmək məsələsi ilə bağlı yalnız onu dedim ki, bu cür söz-söhbətləri ortaya atanları Allaha tapşırıram. AZAL heç vaxt oyun alqı-satqısına getməz. Mən öz işimdə düzgünəm”. 

0