[b]İcraiyyə Komitəsinin yeni üzvü yeni layihələrdən danışdı[/b]
06.03.2015 - 17:44
[b]İcraiyyə Komitəsinin yeni üzvü yeni layihələrdən danışdı[/b]

“Futbol kütləvi idman növüdü. Bu idman növünü inkişaf etdirmək isə dövlətin hər zaman diqqət mərkəzində olub”. Bu sözləri apasport.az saytına açıqlamasında təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin yeni üzvü Firudin Qurbanov deyib.

 

Bu gün AFFA-nın sayca XXII konfransı keçirildi. Konfransın gündəliyinə daxil edilən məsələlərdən biri də İcraiyyə Komitəsinin vakant yerlərinə yeni üzvlərin seçilməsi idi. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla təhsil nazirinin müavini Firudin Qurbanov artıq İcraiyyə Komitəsinin yeni üzvləri kimi fəaliyyət göstərəcəklər. Konfransdan sonra yeni üzv əməkdaşımızla söhbətində təəssüratlarını bölüşüb: “Təsadüfi deyil ki, ölkəmizdə futbolun inkişafına nail olmaq üçün dövlət proqramı da qəbul edilib. Artıq həmin proqram bu gün başa çatıb. Bu müddət ərzində çoxlu işlər görülüb. Dövlət tərəfindən futbola diqqət və qayğı göstərilib. Bunun nəticəsidi ki, “Qarabağ” avrokuboklarda yaxşı nəticələr əldə edib. Etiraf etmək lazımdı ki, problemlərimiz də çoxdu. Uşaqlar, gənclər, yeniyetmələr arasında futbolunun inkişaf etdirilməsi əsas prioritetlərdən biri olmalıdı. Təhsil Nazirliyi də idmanın, bədən tərbiyəsinin inkişafına xüsusi diqqət yetirir. 2012-ci ildə qəbul edilən Təhsilin İnkişaf Strategiyasına əsasən məktəbdən kənar işlərə xüsusi diqqət yetirilir. Şagirdlər, tələbələr arasında idmanın, futbolun inkişaf etdirilməsi əsas prioritet məsələlərdən biridi”.

 

Nazir müavini AFFA ilə birgə həyata keçirəcəkləri yeni layihələr haqda da danışıb: “Bir çox layihələr həyata keçirilir. Əsas məsələlərdən biri futbolun maddi-texniki bazasının gücləndirilməsi, idman məktəblərində futbolla məşğul olan şagirdlərin sayının artırılmasıdı. Buna görə də gənclər, yeniyetmələr arasında bir neçə turnir keçirməyi düşünürük. Belə turnirləri keçirməklə həm onların futbola marağının artmasını, həm də bu idman növünə cəlb edilməsini nəzərdə tuturuq”.

 

0