[b]Qurban Qurbanov: Onların hər ikisi üçün mükafat təsis etmişik - MÜSAHİBƏ[/b]
26.03.2015 - 21:18
[b]Qurban Qurbanov: Onların hər ikisi üçün mükafat təsis etmişik - MÜSAHİBƏ[/b]

Bu gün 21 yaşadək futbolçulardan ibarət yığma ilə yoxlama oyunu keçirən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşma başa çatdıqdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Məşq xarakterli oyun haqda fikrinizi bildirərdiniz.

 - Fasilə zamanı bir yoxlama oyunu keçirməyi düşünürdük. Yeni komanda ilə qarşılaşmağımız yaxşı oldu. U-21 fərqli oyun nümayiş etdirdi. Əsl biz istəyən rəqib idi. Heyət üzvləri gənclərdi, istəkli idilər. Yaxşı alındı. Yeni oyunçumuz Dani Kuintanaya gəldikdə, onun hələ hazır olmadığı görünürdü. Onun “Qarabağ”da ilk oyunu idi. Hazırlığımızı davam etdiririk. Əksər futbolçularımız yığmalardadı. Burda olanların oyun təcrübələrini qorumalarına çalışırıq.

 

- Çempionat matçlarında az şans verdiyiniz futbolçuları da meydana buraxmışdınız. Onlardan necə, razı qaldınızmı?

- Normal oynadılar. Futbolçular yükləmə fonunda meydana çıxmışdılar. Tam hazır deyildilər. Bu cür oyunlarda çalışırlar ki, az səhv etsinlər. Amma səhvlər var idi, qaçırılmazdı.

 

- Bir neçə il əvvəl Albaniya – Ermənistan oyunu zamanı Ansi Aqoli və Admir Teliyə qələbə qazanacaqları təqdirdə mükafat vəd etmişdiniz. Bu dəfə Teli albaniya yığmasına dəvət edilməsə də, Aqoli ordadı. Onun üçün mükafat söz vermisinizmi?

- Biz hər ikisi üçün mükafat təsis etmişik. Teli getməsə belə, Albaniya qələbə qazanarsa, mükafatdan ona da pay düşəcək.

 

- “Qarabağ”ın 9 futbolçusu müxtəlif yığmalara dəvət edilib. Bunun müsbət və mənfi tərəflərini izah edə bilərsinizmi?

- Həm yaxşı, həm də pis təsiri olur. Klubların yığma üçün futbolçu yetişdirməsi bir növ borcdu. Biz bunu etməyə borcluyuq. Mənfi tərəfinə gəldikdə, növbəti turda “İnter”lə qarşılaşacağıq. Əsas rəqibimizlə oyuna tam heyətlə hazırlaşa bilmirik. Bu da problem yaradır. Ancaq istərdim ki, yığma komandaya daha çox futbolçumuz cəlb edilsin. Burdakı problemləri biz yoluna qoyacağıq.

 

- Millinin Malta ilə duelindən nə gözləyirsiniz?

- Yaxşı nəticəyə ümid edirəm. Uğurlar arzulayıram. Yığmamız xeyli vaxtdı azarkeşləri qarşısında qələbə qazanmayıb. Millidə xeyli dəyişiklik var. Futbolçular da çox istəklidirlər. Sevindirici nəticə qazanacağımıza inanıram.

 

- “Neftçi”dən heç kimin yığmaya dəvət edilməməsi sizin üçün gözlənilməz olmadı?

- Deməzdim ki, “Neftçi” zəifdi. Əksinə, gənclərə daha çox şans verirlər. “Neftçi” hər zaman yığmaya daha çox futbolçu verib. Bu tendensiyanın davam etməsini istərdim.

0