[b]Prosineçkinin siftəsi[/b]
27.03.2015 - 11:03
[b]Prosineçkinin siftəsi[/b]

Sabah Avropa çempionatının seçmə mərhələsinin H qrupunda V turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası öz meydanında Malta ilə qarşılaşacaq.

 

Bu matç yığmamızın seçmə mərhələdə 5-ci görüşüdü. Əvvəlki 4 qarşılaşmada xal qazanmayan komandamız turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Cəmi 1 xala malik cırtdan ölkə təmsilçisi ilə görüş son pillədən qurtulmaq baxımından vacibdi.

 

Belə ki, qələbə millimizin Maltanı arxada qoyması ilə nəticələnəcək. Seçmə mərhələyə Berti Foqtsun rəhbərliyi altında başlayıb, son oyununa Mahmud Qurbanovun başçılığı altında çıxan yığmamız Malta ilə qarşılaşmada yeni çalışdırıcı ilə debüt edəcək.

 

Məsələ ondadı ki, sabahkı matç xorvatiyalı Robert Prosineçkinin bu postda ilk oyunu olacaq. Düzdü, o, yetirmələrini Ukraynanın “Şaxtyor” klubu ilə oyuna çıxarıb. Lakin həmin görüş yoxlama xarakteri daşıdığından rəsmi status daşımır. Elə eyni səbəbdən də Malta ilə matç 2015-ci ilin ilk oyunudu.

 

Bu qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Son illər ev oyunlarını əsasən “Bakcell Arena”da keçirən yığmamızın bu məkana qayıdışı da qeyd olunmalıdı. Komandamız tarixində ən çox qarşılaşmaya çıxdığı arenada növbəti uğurunu əldə edib, azarkeşlərini də sevindirməlidi.

 

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

28 mart

21:00. Azərbaycan – Malta

Baş hakim: Halis Özkahya

Hakim köməkçiləri: Cem Satman, Ekrem Kan

Dördüncü hakim: Kemal Yılmaz

Əlavə hakim köməkçiləri: Mete Kalkavan, Tolqa Özkalfa (hamısı Türkiyə)

Hakim-inspektor: Covanni Bolognino (İtaliya)

UEFA nümayəndəsi: Darius Pavel Dziekanovski (Polşa)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

0