[b]Elxan Məmmədov: Maliyyə baxımından motivasiya olmalıdı[/b] - MÜSAHİBƏ
29.03.2015 - 09:03
[b]Elxan Məmmədov: Maliyyə baxımından motivasiya olmalıdı[/b] - MÜSAHİBƏ

AFFA-nın baş katibi Elxan Məmmədov AVRO-2016-nın seçmə qrup mərhələsi çərçivəsində millimizin Malta üzərində qazandığı 2:0 hesablı qələbəsindən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Görüşlə bağlı fikrinizi bilmək maraqlı olardı...

- Çətin qarşılaşma oldu. Bu oyunu çətinləşdirən məqamlardan biri də baş məşqçinin ilk rəsmi sınağı olması idi. Düzdü, Robert Prosineçki yığma ilə bir oyun keçirmişdi. Amma həmin qarşılaşma “Şaxtyor”la yoxlama matçı idi. Heyətin demək olar 30 faizini dəyişmişdi. Həm baş məşqçinin ilk rəsmi sınağının olması, həm də heyətin 30 faizinin olmamağı bir qədər riskli addım idi. Ancaq biz onun görmək istədiyi komandanı, oyun üslubunu gördük. Yeni sistemə keçmələrinə baxmayaraq, 4-cü dəqiqə hesabı açdıq. Son dəqiqələrdə də ikinci qolu vurduq. Bu da futbolçularımızın son saniyəyə qədər çalışdıqlarını göstərən məqamdı.

 

- Prosineçki oyun ərzində çox həyəcanlı idi, heç “texniki zona”da oturmadı. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?

- Həyəcanlı olmasını təbii qarşılamaq lazımdı. Peşəkar məşqçidi, bəlkə oyunu bu cür izləmək istəyir. “Kayserispor”da işləyən vaxtda da yerində nadir hallarda otururdu. Görünür, onun oyunu izləmək metodu belədi.

 

- Baş məşqçi həm də əsəbi idi. AFFA tərəfindən ona hansısa basqı yox idi?

- “Texniki zona” media tribunasına yaxın olduğundan siz daha yaxından görürdünüz. Deməli, ürəyi yanır. Biz də oyunu izləyəndə həyəcanlanırıq. Baş məşqçi üçün bu 10 qat artıq olur. Çünki o, məşq keçir, necə oynamaq lazım olduğu haqda tapşırıqlar verir. Tapşırıqlarına əməl edilməyəndə hirslənir. Bu cür şeyləri təbii qarşılamaq lazımdı. O, rəsmi oyundan əvvəl 4-5 yoxlama matçı keçirməyib, buna vaxt olmayıb. Bunu edə bilsəydi, futbolçuları daha yaxından tanıya bilərdi. Amma 3 xal qazanmaq istədiyi aydın idi.

 

- Bu qələbəyə görə, futbolçulara pul mükafatı veriləcəkmi?

- Bizim oturuşmuş sistemimiz var. Millidə çıxış edən futbolçulara maaş vermirik. Bunu unutmayaq. Kim hansı klubda oynayırsa, ordan da maaş alır. Yığmada  oynamaq onlar üçün fəxrdi. Amma maliyyə baxımından da motivasiya olmalıdı. Bu baxımdan, mükafat olacaq. Ola bilər az olsun, və ya çox olsun. Qələbə və ya heç-heçə olanda onlara mükafat veririk. Sonuncu dəfə ötən seçmə mərhələnin oyunları zamanı mükafat alıblar. Bu gün yığmanın üzvləri meydanda çalışırlarsa, bunun qarşılığı olmalıdı.

 

- Eddi İsrafilovun çıxışı sizi nə dərəcədə qane etdi?

- İspaniya Primerosunda çıxış edən futbolçu niyə də yığmaya dəvət edilməsin? Bu gün az oynadı. Bu da baş məşqçinin qərarıdı. Biz Prosineçkinin işinə qarışa bilmərik.

 

- Azarkeşlərin oyuna marağının az olması barədə nə deyə bilərsiniz?

- Bayram günlərini nəzərə almaq lazımdı. Əksər insanlar Bakıya yeni dönüblər. Biz təqvimi müəyyənləşdirən zaman heç kim bilmirdi ki, martın 29-da iş günü olacaq. Təqvim isə ötən ilin fevralında müəyyənləşib. Bununla belə, oyuna 10 minə yaxın bilet satışı həyata keçirilmişdi.

 

 

0