[b]Samir Ələkbərov: İndiki hücumçular bayraqla qapını səhv salırlar[/b] - MÜSAHİBƏ
31.03.2015 - 12:24
[b]Samir Ələkbərov: İndiki hücumçular bayraqla qapını səhv salırlar[/b] - MÜSAHİBƏ

Ölkəmizdə fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbinə məşqçi təyin olunan Samir Ələkbərovun apasport.az saytına müsahibəsi

 

- “Mançester Yunayted” Futbol Məktəbinə məşqçi təyin olunmağı sizə kim təklif etdi?

- Əvvəla deyim ki, bu təyinat mənim üçün gözlənilməz oldu. AFFA-nın nəzdində “Bakcell”in futbol proqramının inkişafı layihəsində işləyirdim. Keçmiş futbolçu yoldaşım Mahmud Qurbanov yaxınlaşıb dedi ki, Elxan Abdullayev əsas milliyə keçdiyindən, onun yeri boşalıb. Təklif etdilər, mən də qəbul etdim.

 

- Klublardan birinə keçəcəyinizi gözləmək olardı. Düşünmürsünüz ki, AFFA işsiz qalmamağınız üçün “Mançester Yunayted” Futbol Məktəbində çalışmağı sizə təklif edib?

- Klublar az, məşqçilər çoxdu, yer də yoxdu. Bu sualı əslində klub rəhbərlərinə vermək daha doğru olar. AFFA rəhbərliyi sağ olsun ki, mənə bu işi təklif etdi.

 

- Uzun müddət fəal işdə olmamağınız nə ilə bağlı idi?

- İnanın ki, heç özüm də bilmirəm. Görünür, məni istəməyiblər ki, işsiz qalmışam. Digər tərəfdən, dahi bir məşqçi də deyiləm ki, uzaqlaşdıqdan sonra məni axtarsınlar. Bir il kənarda qalan kimi yaddan çıxırsan.

 

- İşsiz vaxtlarınızda nə ilə məşğul olurdunuz, necə dolanırdınız?

- Dolanışıq işsiz adamlar üçün çətindi. Onlardan biri də mən idim. Əsas odu ki, acından ölmədim. İşsiz vaxtlarımda veteran futbolçularla yığışıb futbol oynayırdım.

 

- Sizi nə vaxt hansısa klubda baş məşqçi postunda görə bilərik?

- Əvvəl deyirdilər ki, cavandı. İndi yaş gedib, deyirlər ki, çoxdandı işləmir, hazır deyil. Mən həmişə hazıram. 15 il bundan əvvəl “Xəzər Universiteti” yarananda baş məşqçi işləmişəm. Gərək indi dəvət olsun ki, çalışaq.

 

- Ümumiyyətlə, məşqçiliklə bağlı hədəfiniz nədi?

- İddialı klublarda olmasa da, ortabab komandalarda çalışmaq. Gənclərlə işləməyi çox sevirəm. Tanıyanlar bilir ki, bu dostdu, bu qohumdu anlayışı mənə keçmir. Nə vaxtsa elita komandalarında çalışsam, yalnız oyununu bəyəndiyim futbolçuları yığaram.

 

- İndiki məşqçilərdən kimləri bəyənirsiniz?

- Üzdə olan 5 məşqçimiz var idisə, hamısı indi oturub AFFA-da, kabinetdə. Əgər Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şahin Diniyev, Böyükağa Hacıyev və Şakir Qəribov əgər indi baş məşqçi kimi işləmirlərsə, çalışmamağımla bağlı verdiyiniz suala cavab verməyə utanıram.

 

- Klublar artıq əvvəlki kimi əcnəbi məşqçilərə çox üstünlük vermirlər. Sizcə, əcnəbilər burda niyə uğur qazana bilmirlər?

- Əcnəbilər onsuz da burda heç vaxt uğur qazanmayıblar. Hazırda Premyer Liqada 9 komanda var, onun da 4-nün baş məşqçisi əcnəbidi. Məncə, bu, az say deyil. “Bakı” klubunda neçə əcnəbi çalışıb? Maliyyə probleminə görə çıxıb gediblər. Məlum məsələdi ki, əcnəbilər bura yalnız pula görə gəlirlər. Qaranquş gəldi-gedərdi, sərçənin qədrini bilmək lazımdı. Nə vaxt pul olacaq, yenə əcnəbilər gələcək.

 

- Çempionatı yəqin ki, izləyirsiniz. Oyunların səviyyəsi ürəyinizcədimi?

- Bəli, izləyirəm. 2-3 komandanın çıxışı xoşuma gəlir. Məni çempionatın səviyyəsindən çox yaralı yerimiz olan azarkeş problemi narahat edir. Azarkeşlər futbola baxmağa gəlmirlər.

 

- Deyirsiniz ki, 2-3 komandanın səviyyəsi normaldı. Sizcə, azarkeş oyunlara gəlməməkdə haqlı deyil?

- Onları da məcbur etmək olmaz. Amma maraqlısı odu ki, “Qarabağ” avrokubokda oynayanda 30 minlik stadion tam dolur. Ancaq bir neçə gündən sonra bu komandanın çempionatda “İnter”lə prinsipial matçına barmaqla sayılacaq qədər adam gəlir.

 

- Hazırda Premyer Liqada yerli futbolçulardan yalnız Nurlan Novruzov bombardirlik uğrunda yarışır. Ötənlərin bombardir futbolçusu kimi, indi yaranmış yerli hücumçu probleminin səbəbini nədə görürsünüz?

- Elə dünən veteran futbolçularla bu problem barədə danışırdıq. Son 10 ildə Azərbaycanda hücumçu üzə çıxmayıb. İndi uşaqlar hücumda oynamaqdan qorxurlar, bu mövqedə oynamaq istəmirlər. Bu gün Azərbaycanda topla cərimə meydançasına daxil olub nəsə etməyi bacaran hücumçu görmürəm. Yoxdu. Topu götürən künc bayrağının yanına qaçır. Bayraqla qapını səhv salırlar. Hücumçu probleminin də səbəbi uşaq futbolunda düzgün işin getməməsidi. Çox az müddətdi ki, “Mançester Yunayted” məktəbindəyəm. Ordakı ingilis mütəxəssis Mik Bennettin işini gəlib görsələr, onda deyərlər ki, biz heç nə bilmirik. O, uşaqlardan soruşmur ki, sən harda oynamaq istəyirsən? İzləyir, kim hansı mövqeyə uyğundusa, orda da oynadır və deyir ki, sənin burda çıxış etməlisən. Hücumçuları arxaya gəlməyə, künc bayrağı tərəfə qaçmağa qoymur. “Xəzər Lənkəran”da o vaxt Yuri Panfilov var idi. Mən ondan çox şey öyrənmişəm. Onun bir sözü var idi: vərdiş halı. Deyirdi ki, hücumçu irəlidə oynamağı vərdiş etməlidi, eləcə də digər mövqelərdəki oyunçular.

 

Ruslan SADIQOV

0