[b]“Rəqibə yuxarıdan aşağı baxmağa haqqımız yoxdu” [/b]- MÜSAHİBƏ
31.03.2015 - 15:31
[b]“Rəqibə yuxarıdan aşağı baxmağa haqqımız yoxdu” [/b]- MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın futbolçusu Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi.

 

- Topaz Premyer Liqasının XXVII turu çərçivəsində sabah “Sumqayıt”ı qəbul edəcəksiz. Hansı nəticəyə ümid edirsiz?

- Təbii ki, qələbə gözləyirəm. Əslində biz bütün oyunlara bu niyyətlə çıxırıq. Sadəcə, alınıb-alınmamağı var. İnşallah, bu dəfə qələbə qazanarıq. Doğma meydanımızda oynayacağıq. Odu ki, başqa nəticə bizi qane etməz.

 

- Amma razılaşın ki, hazırkı “Xəzər Lənkəran”la “Sumqayıt” arasında elə bir fərq yoxdu. Turnir cədvəlində qonşu olmağınız da bunu deməyə əsas verir...

- Razıyam. Bizim üçün zəif rəqib anlayışı qalmayıb. Çünki hazırda özümüz də güclü deyilik. Bu mənada, “Sumqayıt”la oyuna ciddi yanaşırıq. Rəqibə yuxarıdan aşağı baxmağa haqqımız yoxdu.

 

- “Xəzər Lənkəran”ın yayda heyətini gücləndirəcəyi gözlənilir...

- Bəli, mən də elə eşitmişəm. “Xəzər Lənkəran” həmişə iddialı, yüksək yerlər uğrunda oynayan komanda olub. Düzdü, son 1-2 ildə zəif çıxışla yadda qalırıq. Amma bu komanda öz iddiası ilə tanınıb.

 

- Əgər yayda komandaya güclü futbolçular transfer edilməsə, yəni klub gəncləşdirmə siyasətinə davam etsə, “Xəzər Lənkəran”da qalacaqsızmı?

- Hələ bilmirəm. Klubla müqaviləmin müddəti yayda başa çatır. Komandada qalıb-qalmayacağım həmin vaxt bəlli olacaq.

 

- Başqa klublarda təklif almısızmı?

- Açığı, 1-2 təklif var. Amma indidən ad çəkmək istəmirəm. Çünki hazırda “Xəzər Lənkəran”ın futbolçusuyam.

 

- Milli komandanın baş məşqçisi Robert Prosineçki Malta ilə oyuna sizə dəvət etməmişdi. Bunun günahını kimdə görürsüz?

- Ola bilsin, yaxşı formada olmadığım üçün məni çağırmayıb. “Xəzər Lənkəran”ın qış toplanışını buraxmalı oldum. Zədəmə görə uzun müddət məşq etmədim. Təbii ki, bu mənim çıxışıma mənfi təsirini göstərdi. Amma indi hər şey qaydasındadı, özümü yaxşı hiss edirəm.

 

- Sizcə, iyunda Norveçlə keçiriləcək səfər matçından uğurlu nəticə ilə qayıda biləcəyikmi?

- Bu, futboldu. Hər şey ola bilər. İnşallah, Norveçə də qalib gələrik. Bizim üçün hər xal böyük önəm kəsb edir. Çünki seçmə mərhələyə uğursuz start vermişdik. Xallarımızı artırmaqla, turnir cədvəlində yuxarı pillələrə qalxmalıyıq.

 

- Ancaq unutmayaq ki, Norveç millisi Malta deyil. Yəni bizi çox çətin oyun gözləyir...

- Razıyam. Norveçlə Malta arasında xeyli fərq var. Üstəlik, oyun rəqib meydançada keçiriləcək. Lakin itirəcəyimiz bir şey yoxdu. Bu mənada, səfərdən uğurlu nəticə ilə qayıtmaq olar.

 

- Norveçə Bakıda məğlub olduğumuz (0:1) matçı ehtiyat oyunçular skamyasından izləmisiz. Sizcə, rəqibin ən güclü cəhətləri hansılardı?

- Norveç millisi fiziki cəhətdən çox güclüdü. Rəqibin futbolçuları ucaboydular. Buna görə də, “ikinci mərtəbə”də daha təhlükəlidilər.

 

- Robert Prosineçkinin gəlişindən sonra yığmamız əvvəlcə “Şaxtyor”la yoxlama, ardınca isə Malta ilə rəsmi oyun keçirdi. Xorvatiyalı bu müddət ərzində millidə nəyisə dəyişə bilibmi?

- Milli indi ötürmələrlə daha çox oynayır. Futbolçular çoxlu ötürmələr verməklə, topu özlərində saxlamağa çalışırlar. Bir də Prosineçki hücum futbolunun tərəfdarıdı. Berti Foqtsun vaxtında isə belə deyildi. Onun dövründə hücuma çox qoşulmurduq, oyunu müdafiədən qururduq.

 

Tengiz MƏMMƏDOV

0