[b]Hələ belə üzüntü olmamışdı [/b]
01.04.2015 - 09:21
[b]Hələ belə üzüntü olmamışdı [/b]

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit-raundunu qolsuz və xalsız başa vurub. Apasport.az saytının məlumatına görə, yığmamız qitə miqyaslı yarışlarda 21 illik çıxışları tarixində ilk dəfə mini-turniri qol vurmadan, 3 məğlubiyyətlə bitirib.

 

Ümumilikdə, 21 seçmə və 3 elit-mərhələdə oynayan komandamız əvvəlki 23 turnirin heç birində belə üzüntü görməmişdi.

 

Fransadakı yarışda meydan sahiblərindən 2, İngiltərədən 1, Danimarkadan 3 cavabsız qol buraxan yığmamızın 1994-cü ildə debüt etdiyi çempionatlarda qol vurmamağı və ya 3 məğlubiyyət almasına təsadüf olunsa da, hər iki uğursuzluğun eyni vaxtda yaşanması yeni antirekorddu.

 

Komandamız ümumilikdə 7-ci dəfə bir turnirdə xal qazanmayıb. Buna 1994/95, 1995/96, 1997/98, 1999/2000, 2001/02, 2005/06 mövsümlərinin seçmə, 2014/15 mövsümünün elit-mərhələsində təsadüf olunub. Lakin yalnız son iki yarışda komandamız 3 məğlubiyyət alıb.

 

Digər turnirlər 3 komandanın iştirakı ilə baş tutduğundan, məğlubiyyət sayı 2-yə bərabər olub. Bununla belə, 2005-ci ildə millimiz 2 qol vurmağı bacarmışdı.

 

Qolsuz turnirlərə gəlincə, yığmamız yalnız 1 dəfə - 1994/95 mövsümünün seçmə mərhələsində belə uğursuzluq yaşamışdı. 21 il əvvəl millimiz 2 dəfə uduzmuşdu.

 

Qeyd edək ki, millimiz bu yarışlarda ümumilikdə 66 oyun keçirib. 13 qələbə qazanan komandamız 10 heç-heçə edib, 43 məğlubiyyət alıb. 54 qol vuran futbolçularımız 152-ni buraxıb.

 

 

0