[b]Böyükağa Hacıyev: Rəşad Sadıqovun cavabını eşitmək fikrim yoxdu[/b]
01.04.2015 - 15:02
[b]Böyükağa Hacıyev: Rəşad Sadıqovun cavabını eşitmək fikrim yoxdu[/b]

“Heç kim Sadıq Sadıqovu əvəz edə bilməz. Çünki o, güclü strategiyaya malik klub prezidenti idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev deyib.

 

Məşqçilər Komitəsinin üzvü paytaxt klubunda baş verən struktur və rəhbər dəyişikliyi haqda danışıb. Hacıyevin fikrincə, Sadıqov kimi prezident bir daha “Neftçi”yə gəlməyəcək: “Sadıq Sadıqov son zamanlar bir az əziyyət çəkdi. Komandada maliyyə problemi yaranmışdı, maaşlar yubanırdı. Amma əminəm ki, “Neftçi”yə bir də onun kimi prezident gəlməyəcək. O ki qaldı klubun yeni rəhbərinə, Çingiz Abdullayevə böyük hörmətim var. O, yaxşı detektiv əsərlər yazan bir insandı. Ancaq Çingiz Abdullayev futbol mütəxəssisi deyil. Bu gün heç kim zəmanət verə bilməz ki, Sadıq müəllimin elədiklərini kimsə təkrarlaya biləcək”.

 

Hacıyev tanınmış aktyor, rejissor Bəhram Bağırzadənin “Neftçi”nin Müşahidə Şurasında yer alması ilə bağlı da fikirlərini bölüşüb: “Bəhram futbol adamıdı. Nə vaxt baxırsan, futboldadı. Milli oynayırsa, milliylə, “Neftçi” oynayırsa, “Neftçi”ylə, “Qarabağ” oynayırsa, “Qarabağ”ladı. Onun “Neftçi”nin Müşahidə Şurasında yer alması normal haldı”.

 

Təcrübəli mütəxəssis struktur dəyişikliyinin “Neftçi”nin iddiasına necə təsir edəcəyini bilmir: “Struktur dəyişikliyindən sonra “Neftçi”nin əvvəlki iddiasını davam etdirib-etdirməyəcəyini bilmirəm. Onu zaman göstərəcək. Yenə deyirəm, “Neftçi”də ikinci dəfə Sadıq Sadıqov kimi prezident olmayacaq. AFFA yeni strukturla işləməyə keçir. Bu, təkcə “Neftçi”yə yox, bütün klublara şamil olunacaq. Siz gözləyin. Görərsiz, “Neftçi”dən sonra digər klublar da bu struktura keçəcəklər”.

 

Hacıyevin millinin oyun tərzini “Qarabağ”a bənzətməsi birmənalı qarşılanmamışdı. Yığmanın və Ağdam klubunun kapitanı Rəşad Sadıqov televiziyada qatıldığı futbol proqramında narazılığını dilə gətirmişdi. Hacıyev isə “Qarabağ” haqda mənfi fikir söyləmədiyini əlavə edib: “Rəşadın mənim açıqlamama cavabını eşitməmişəm, heç eşitmək fikrim də yoxdu. Kim öz ayranına turş deyib ki? Milli ilə bağlı səsləndirdiyim fikirlər yaxşı qarşılanmayıb? Yığma “Qarabağ” sayağı oynayır. Bu komandadan 6 nəfər millinin heyətində yer alır. Yəni komandanın əsasını “Qarabağ”ın futbolçuları təşkil edir. Əslində, bu, gözlənilirdi. Mən deməmişəm ki, “Qarabağ” pis və ya yaxşı oynayır. Sadəcə, millinin “Qarabağ” kimi oynadığını bildirmişəm. Qaldı ki temp, sürət məsələsinə, demişəm ki, “Qarabağ”dan fərqli, millidə ritm görmədim. Səhvdisə, desinlər səhv demisən. Bu mənim öz fikrimdi”.

 

Tengiz MƏMMƏDOV

0