Elbrus Məmmədov: Dəyişikliklər bəhrəsini verdi
01.04.2015 - 18:27
Elbrus Məmmədov: Dəyişikliklər bəhrəsini verdi

“Biz mətbuat konfransını bir yerdə keçirməyi əvvəlcədən planlaşdırmışdıq. İstəyirdik ki, Aqil Məmmədovla Elbrus Məmmədovun qardaşlığını bütün Azərbaycan görsün”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.

 

Cənubluların çalışdırıcısı Topaz Premyer Liqasının XXVII turu çərçivəsində “Sumqayıt”la oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib: “Son vaxtlar edilən dəyişikliklər bəhrəsini verdi. Meydançada əzmkar komanda gördüm. Düzdür, ilk dəqiqələrdə bir qədər inamsız çıxış etdik. Amma sonradan hər şey yaxşıya doğru dəyişdi. Qələbəyə görə sevincliyəm”.

 

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov isə səhvlərindən söhbət açıb: “Maraqlı oyun alındı. Matçın gedişi göstərmirdi ki, qələbə kimin olacaq. Sonda qələbəni “Xəzər Lənkəran” qazandı. Səhvlərimiz göz önündədi.  Artıq 11 oyundu ki, qələbə qazana bilmirik. Bu uğursuz seriyaya növbəti turda “Bakı” ilə qarşılaşmada son qoymaq istəyirik”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” son dəqiqələrdə vurduğu qolla “Sumqayıt” üzərində 3:2 hesablı qələbə qazanıb.

0