Azad Rəhimov: O, Bakı-2015 komandası üçün layiqli seçimdi
02.04.2015 - 15:17
Azad Rəhimov: O, Bakı-2015 komandası üçün layiqli seçimdi

Bakı-2015 Avropa Oyunlarının Ulduz Elçilər komandasına yeni qoşulan tanınmış şəxs qoşulub. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, bu, məşhur televiziya aparıcısı və xeyriyyə layihələrinin müəllifi olan Nuran Hüseynovdu.

 

O, xeyriyyəçilik mövzusunda televiziya verilişləri vasitəsilə sağlam həyat tərzinin təbliği üçün gördüyü işlərlə daha çox Hacı Nuran kimi tanınır. İdmana böyük marağı var və 13 il üzgüçülüklə və 2 il şahmatla məşğul olub.

 

Hüseynovun komandaya qatılması ilə “Bakı-2015”in mədəniyyət sahəsindən seçilən Ulduz Elçilərinin sayı 15-ə çatıb.

 

Azərbaycanın gənclər və idman naziri, Bakı-2015-in baş icraçı-direktoru Azad Rəhimov Nuranın Avropa Oyunlarının son Ulduz Elçisi olmasından məmnunluq ifadə edib: "Nuran Azərbaycanda tanınmış jurnalistlərdəndi və öz tamaşaçılarının böyük rəğbətini qazanıb. O, Ulduz Elçi olaraq, Bakı-2015-in dəyərlərini təbliğ etməyə kömək edəcək. Nuran Bakı-2015 komandası üçün layiqli sima və mükəmməl seçimdi”.

 

Hüseynov müğənnilər Tünzalə Ağayeva, Röya, Miri Yusif, Avroviziya mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, aktyorlar Bəhram Bağırzadə, Rafael və Coşqun, Tahir və Cabir İmanovlar, musiqiçi DJ Shock, eləcə də, tanınmış aparıcılar Murad Dadaşov, İlkin Həsəni və Azər Qəribdən sonra növbəti Ulduz Elçi oldu.

 

Hüseynov Avropa Oyunlarının Ulduz Elçisi seçilməsindən qürur hissi duyduğunu açıqlayıb: “İdman hər zaman məni ruhlandırıb, idmanın insanları bir araya gətirməyə və sağlam həyat tərzini təlqin etməyə yardımçı olduğuna inanıram. Çətinlikləri dəf etmək həyatın bir hissəsidi və idmançılar həyatlarının hər gününü fədakarlıq və öhdəliklə yaşayırlar. Gəncləri idmana cəlb etmək üçün çalışacağam, burda iştirak etməyin yarada biləcəyi imkanları və digər üstünlükləri təbliğ edəcəyəm”.

 

Ulduz Elçilər proqramı I Avropa Oyunları haqqında məlumatları ulduzların məşhurluğundan istifadə edərək, onların çağırışı ilə Azərbaycan və Avropadakı tamaşaçı kütləsinə çatdırmağa Bakı-2015-ə şərait yaradır.

 

Proqramın iştirakçıları arenalara gedərək, geri sayım tədbirlərində iştirak etməklə kampaniyalara dəstək verərək və şəxsi sosial media kanallarından istifadə edərək Oyunları milyonlarla izləyici arasında təbliğ etməyə kömək göstərirlər.

 

0