[b]Fariz Nəcəfov: Komanda hələ biz istəyən səviyyədə deyil [/b]- MÜSAHİBƏ
16.04.2015 - 09:39
[b]Fariz Nəcəfov: Komanda hələ biz istəyən səviyyədə deyil [/b]- MÜSAHİBƏ

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

 

- Çempionatda ardıcıl 6 turdu qələbə qazanırsız. Demək olarmı ki, komanda artıq siz istəyən nəticəni verir?

- Nəticələrdən razıyıq. 6 turdu xal itirmirik. Amma oyun planında tam razı deyiləm. Müəyyən çatışmazlıqlar var. Bunlar aradan qaldırılmalıdı.

 

- Narazı qaldığınız məqamlar hansılardı?

- Müəyyən oyun epizodları olur ki, razı qalmırıq. Bu, artıq sırf texniki problemlərdi. Nəticələrdə sabitlik yaranıb. Ancaq komanda hələ biz istəyən səviyyədə deyil. Buna da təsir edən amillər var. Zədəli futbolçularımızın olması öz sözünü deyir. Dodo bir müddətdi “Qəbələ”yə kömək edə bilmir. Ümumi götürdükdə, komandada inkişaf, artım var. Bu, kənardan da hiss olunur.

 

- Dönüşün yaranmasında rəhbərliyin də təsiri varmı?

- Biz komanda şəklində çalışırıq. Rəhbərlik və məşqçi heyətini ayırmaq istəmirəm. Ancaq istənilən halda, nəticəyə baş məşqçi cavabdehdi. Qalib gələndə də, uduzanda da o cavab verir. Baş məşqçinin işini qeyd etməmək mümkün deyil.

 

- Bu dönüşdən sonra iddianız avrokuboklara vəsiqə qazanmaq olaraq qalır, yoxsa mükafatçılar sırasına düşməyi hədəfləmisiz?

- Əsas məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdı. Mükafatçılar sırasına düşsək, işimizi təmin etmiş olarıq. Bunun mümkün olub-olmayacağını qarşıdakı turlar göstərəcək. Amma minimum tapşırıq avrokuboklara vəsiqə qazanmaqdı.

 

- Üçüncü pillədə yer alan “Neftçi” ilə 6 xallıq fərqiniz var və 2 gün sonra onlarla qarşılaşacaqsız. Oyunu “Qəbələ” üçün “6 xallıq” duel adlandırmaq olarmı?

- Hədəfimiz qələbə qazanmaqdı. Biz rəqibləri bir-birindən ayırmaq istəmirik. Komanda üzvləri bütün oyunlara eyni qaydada köklənir.

 

- “Neftçi” əsas diqqətini ölkə kubokunu qazanmağa yönəldib. Çünki çempionatda ən yaxşı halda ikinci yeri tuta bilər ki, bu da elə ciddi fərq etmir. Paytaxt təmsilçisinin bu cür seçim etməsi işinizə yarıya bilər...

- “Neftçi”nin iki “cəbhə”də mübarizə aparmağı üçün kifayət qədər qüvvəsi var. Bu mənada, onların seçim etdiklərinə inanmıram. Həm də biz rəqibin istəyini analiz etməməli, öz oyunumuzu göstərməliyik. Qələbə qazansaq, “Neftçi” ilə xal fərqimiz 3-ə enəcək.

 

- Mövsüm sona yaxınlaşır. Transfer çalışmalarına start vermisizmi?

- Transfer çalışmalarına qış “transfer pəncərəsi”ndən 20 gün sonra başladıq. Nəzərimizdə olan futbolçular var və onları klublarının heyətində iştirak etdikləri oyunlarda izləyirik. Nəyə qadir olduqlarına meydandakı çıxışları izlənildikdən sonra qərar veriləcək. Hələ ad çəkə bilmərik. Çünki danışıqlar hələ yekunlaşmayıb. Qalan futbolçularla bağlı qərarı isə mövsümün sonunda baş məşqçi verəcək.

 

- Seleksiya işləri ilə kim məşqğul olur?

- Seleksiya işinin başında Toni Adams dayanır. Yekun qərarı isə baş məşqçi verəcək.

 

- Ad çəkməsəniz də, hansı ölkələrdən gələcəklərini deyə bilərsiniz?

- Həmin futbolçular bizim mentalitetə yaxın ölkələrdən olacaq. Aralarında Hollandiyada və Avropanın digər ölkələrində çıxış etmiş afrikalı futbolçular da var. Gedənlərlə bağlı isə hələ bir söz deyə bilmərəm. Ola bilsin, baş məşqçi kimlərisə fikrində tutub. Amma bizə heç nə deməyib.

 

0