[b]“Azərbaycana qayıtmaq fikrim yoxdu”[/b] – Ruslan Qurbanov
17.04.2015 - 10:07
[b]“Azərbaycana qayıtmaq fikrim yoxdu”[/b] – Ruslan Qurbanov

Xorvatiyanın “Hayduk” klubunun və Azərbaycan yığmasının futbolçusu Ruslan Qurbanovun apasport.az saytına müsahibəsi

 

- “Hayduk”da işləriniz necədi?  

- Hər şey qaydasındadı. “Riyeka” ilə oyuna hazırlaşırıq. Məşqlərdə əlimdən gələni edirəm. Bilirsiz ki, bu yaxınlarda baş məşqçi postunda dəyişiklik olunub. Hazırda komandanı keçmiş idman direktoru Qoran Vuçiviç çalışdırır. Özümü yaxşı tərəfdən göstərib, onun inamını qazanmağa çalışıram.

 

- Sabiq baş məşqçi Stanko Poklepoviçin dövründə az oynamaq şansınız olurdu. Vuçiviç necə, sizə inanırmı?

- Poklepoviç barədə danışmaq istəmirəm. Bu vaxta qədər nə oldusa, geridə qaldı. Artıq irəli baxmaq lazımdı. Dünən yeni baş məşqçi ilə söhbət etdim. Özü məni yanına çağırıb dedi ki, hazırlaş, oynayacaqsan. Amma məni daha çox o narahat edir ki, əsas heyətdə mütəmadi oynamıram, meydana sonradan çıxıram. Halbuki əsas heyət oyunçusu olmaq istəyirəm və bilirəm ki, buna gücüm çatar.

 

- Daha çox sonradan meydana çıxmağınız nə ilə əlaqədardı?

- Özüm də başa düşmürəm ki, bunun səbəbi nədi? Yeni baş məşqçi mənə çıxışımdan çox razı olduğunu dedi. Belə olan halda, az oynamağımın səbəbini bilmirəm. Gözləyəcəm. Görsəm ki, heç nə dəyişmir, burda qalmayacam. Mən bura ehtiyatda oturmağa gəlməmişəm. 18 yox, 24 yaşım var. Yəni oynayan vaxtımdı.

 

- Qarşınıza hansı məqsədi qoymusuz: Avropada qalıb oynamaq, yoxsa əksər futbolçularımız kimi qısa legioner həyatı yaşadıqdan sonra Azərbaycana qayıtmaq?

- Xeyr, Azərbaycana qayıtmaq fikrim yoxdu. Bu ölkəyə hörmətim və sevgim böyükdü. Ancaq legioner həyatı yaşamaq fikrindəyəm. Hazırkı məqamda 6-7 klub mənimlə müqavilə bağlamağa hazırdı. Avropanın yüksək səviyyəli çempionatlarında oynamağı düşünürəm. Onu da əlavə edim ki, bir çox azərbaycanlı futbolçu Avropada oynaya bilərdi. Eybi yoxdu, Bakıda qazandıqlarından az alsınlar. Ancaq Avropadakı futbolu görüb və daha irəli can atmaq, adlı-sanlı klublara keçməyi arzulamaq, məncə, daha yaxşıdı. Əfsuslar olsun ki, heç də hamı bu cür düşünmür. Deyirlər ki, əgər evimdə yaxşı qazanıramsa, nəyə görə başqa yerə getməliyəm? Bizim elə ən böyük səhvimiz də budu.

 

- Sizinlə maraqlanan klublar ancaq Xorvatiya təmsilçiləridi, yoxsa başqa ölkələrdən də təkliflər almısız?

- Aralarında Xorvatiya klubları da var. Eyni zamanda, Rusiya, Türkiyə və Çindən təklif almışam. Hamısı yüksək liqa komandalarıdı. Birinci və ya ikinci divizion klubuna getmək fikrim yoxdu.

 

- Klubunuzun əsas heyətində möhkəmlənə bilməsəniz, bu, milli karyeranıza mənfi təsir göstərəcək...

- Anlayıram. Buna görə də əsas heyətdə oynamalıyam. Yalnız bu halda, milliyə dəvət ala bilərəm. Robert Prosineçki də deyib ki, yığmada klublarının əsas heyətində meydana çıxan futbolçular oynayacaq.

 

- Hazırkı durumu nəzərə alsaq, Prosineçkinin sizi Norveçlə oyuna dəvət edəcəyi inandırıcıdımı?

- Çağırıb-çağırmayacağını deyə bilmərəm. Qərarı özü verəcək və istənilən halda, mən hörmətlə yanaşacam. Ancaq milliyə həmişə kömək etməyə hazıram.

 

- Necə düşünürsüz, milli Norveçdə hansı nəticəyə imza ata bilər?

- Səfərdə oynasaq belə, matçdan öncə şanslar bərabərdi. Əgər öz oyunumuzu göstərib, baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, uduzmayacağımız dəqiqdi. Qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Düzdü, çətin olacaq. Ancaq həyatda mümkünsüz şey yoxdu.

 

Tengiz MƏMMƏDOV

 

0