Aqil Məmmədov: Özüm çıxıb oynamasam, qalib gəlməyəcəyik
17.04.2015 - 17:31
Aqil Məmmədov: Özüm çıxıb oynamasam, qalib gəlməyəcəyik

Topaz Premyer Liqasının XXX turu çərçivəsində bu gün keçirilən AZAL – “Sumqayıt” (1:1) matçından sonra komandaların baş məşqçiləri mətbuat konfransı keçiriblər. Apasport.az saytının məlumatına görə, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov nəticəni ədalətli saymadığını bildirib.

 

“Gənclik şəhəri” təmsilçisinin çalışdırıcısı futbolçularına maraqlı söz atmağı da unutmayıb: “Birinci hissədə 3-4 qol epizodu yaratdıq, amma istifadə edə bilmədik. AZAL-da isə epizod olmadı. Futbolda isə belə bir qanun var - qol vurmasan, qol buraxacaqsan. Mənə elə gəlir ki, özüm çıxıb oynamasam, qalib gəlməyəcəyik. Bu gün uduza da bilərdik. Başqa nə deyim? Sumqayıt şəhərində, bəlkə də, məndən çox komandanın qələbəsini istəyən yoxdu. Şəxsən mən istəyərdim ki, bu gün bir nəfər gəlsin, bizi bu vəziyyətdən çıxarsın. Mənim indi belə bir halım yoxdu. “Sumqayıt” mənim üçün təkcə futbol komandası deyil. Sumqayıtda böyümüşəm, futbola başlamışam. Komandanın qələbə qazanmasını istəyirəm”.
 

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov isə mövsümün sonunda heyətdə ciddi islahatlar olacağını deyib: “Qələbə qazanmaq istəyirdik. Təəssüflər olsun ki, son saniyələrdə qol buraxdıq. Hər halda son oyunlar onu göstərir ki, yayda komandada dəyişikliklər olmalıdı. Əgər oyunçu yaxşı futbol sərgiləmirsə, dəyişikliklərə ehtiyac var. Problem ondadı ki, zədəli oyunçularımız az deyil. Freddi Mombonqo isə cəzalı idi. Bu problemə görə meydançaya gənc Aydın Qasımovu buraxmışdıq. Heyətdəki problemlər mənim işimi çətinləşdirir. Bütün bunlara baxmayaraq, 1 xal qazandıq. Bir xal da qənimətdi”.

0