[b] Rauf Məmmədov: Maqnus Karlseni 30 ildən sonra kimsə təslim edə bilər[/b]
17.04.2015 - 23:22
[b] Rauf Məmmədov: Maqnus Karlseni 30 ildən sonra kimsə təslim edə bilər[/b]

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess2015” turnirinin ilk turunda fransalı Maksim Vaşye-Laqravla heç-heçə oynayan azərbaycanlı qrossmeyster Rauf Məmmədov partiya haqda fikirlərini bildirib: "Şəmkirdə təşkilatçılıq yüksək səviyyədədi. Burada hər cür şərait var. Fevralda mənə bu turnirdə oynayacağımı dedilər. Bir həftə hazırlaşmışam. Hazırlıq millimizin kapitanı Aleksandr Xalifmanın rəhbərliyi altında olub. Düzünü desəm, mənim üçün Şəmkirdə bütün rəqiblər güclüdü. İlk oyuna gəlincə, sonradan ciddi təhlil edəcəm. Çalışdım sakit oynayım. Səbrlə və təmkinlə mübarizə aparmaq istəyirəm. Qarşıda bizi 8 tur gözləyir. Tələsmək səhvə səbəb ola bilər. Heç-heçə ədalətli nəticədi".

Məmmədov rusiyalı dünya çempionu Vladimir Kramnikin Şəmkirdə olan şahmatçılar arasında gələcəyin iki dünya çempionunun olduğunu deməsinə münasibət bildirib: "Kramnik kimləri nəzərdə tutub? Fikrimcə, Maqnus Karlsen hələ uzun müddət şahmat tacını özündə saxlayacaq. 30 ildən sonra kimsə onu məğlub edə bilər. Hazırda Karlsen bir nömrədi".

Maksim Vaşye-Laqrav isə partiya haqda bunları deyib: "Həyəcan yox idi. Sakit oyun oldu. Bərabərlik normal nəticədi. Sadəcə, qarşıda bizi daha güclü rəqiblərin gözlədiyini düşünürəm. Kramnik, Anand və Karlsenlə oyunlar var. Həvəsdən düşmək olmaz. Şəmkir hər bir şahmatçı üçün ciddi çağırışdı".

 

0