[b]“Bu, evin içini bilməyənlərin uydurduğu söz-söhbətdi”[/b]
18.04.2015 - 23:02
[b]“Bu, evin içini bilməyənlərin uydurduğu söz-söhbətdi”[/b]

"İnter"in yarımmüdafiəçisi Elvin Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXX turunda "Bakı" üzərində qələbə qazandınız. Sabiq komandanıza qarşı oyunda hansı hissləri keçirdiz? Yəqin ki, "Bakı"nı bu vəziyyətdə görmək sizin üçün də xoş deyil...

- Oyun bizim üçün vacib idi. Çünki "Neftçi" turnir cədvəlində bizi izləyir. Düzdü, kağız üzərində favorit "İnter" göstərilirdi. Ancaq "Bakı" da mübarizə aparan komandadı. "Bakı"nın bu vəziyyətə düşməsi, əlbəttə ki, mənə də pis təsir edir. Bu komandanın prezidenti Hafiz Məmmədov Azərbaycan futbolu üçün çox şeylər edib. Dua edirəm ki, "Bakı" yenidən öz imicini qaytarsın, medallar uğrunda oynasın. Klubun bazası, hər bir şəraiti var. Sadəcə, maliyyə problemi yaranıb.

 

- Ölkə Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Neftçi"yə uduzdunuz. Sizcə, cavab görüşündə lazım olan nəticəni əldə edə biləcəksizmi?

- Futbolda hər şey mümkündü. Optimistik, gələcəyə nikbin baxırıq. Niyə də olmasın? Əlimizdən gələni edib, kubokda yolumuza davam etmək istəyirik.

 

- "Neftçi" ilə ilk oyundakı hakimlik çox müzakirə olundu. Razısız ki, finala adlamaq işinizi çətinləşdirən məqamlardan biri də İnqilab Məmmədovun idarəçiliyi oldu?

- Əlbəttə. 5-ci dəqiqədəki epizodda penalti təyin etsəydi, tam fərqli oyun olacaqdı. Qol vəziyyətlərində də biz "Neftçi"dən üstün idik. Hakimlin üstünə getməyim, çünki oyun artıq geridə qalıb. Sadəcə, diqqətli olsaydı, tam fərqli nəticə qeydə alına bilərdi.

 

- "İnter"lə müqavilənizin müddəti yayda başa çatır. Komandada qalıb-qalmayacağınızı müəyyənləşdirmisizmi?

- Bu barədə klub rəhbərliyi ilə heç bir söhbətimiz olmayıb. Çünki hələ çempionat başa çatmayıb. Onsuz da, 3-4 turdan sonra hər şey bilinəcək.

 

- "İnter"də son 2-3 ayın maaşlarının verilmədiyi haqda söz-söhbətlər gəzir...

- Sadəcə, gecikmə var. Amma hər şey qaydasındadı. Maaşlarımız verilir.

 

- Cahangir Hacıyevin gedişindən sonra "İnter"in də "Bakı"nın aqibəti ilə üzləşəcəyi istisna deyil. Bu amil sizi qorxutmur ki?

- Bu, evin içini bilməyənlərin uydurduğu söz-söhbətdi. Baş məşqçi Kaxaber Sxadadze bizə dedi ki, mən özüm onunla birbaşa əlaqə saxlamışam, problem yoxdu, hər şey düzələcək.  

 

Tengiz MƏMMƏDOV

 

0