[b]“Neftçi" əvvəllər də “Qarabağ”ı məğlub edə bilmirdi”[/b] - Arif Əsədov
23.04.2015 - 13:10
[b]“Neftçi" əvvəllər də “Qarabağ”ı məğlub edə bilmirdi”[/b] - Arif Əsədov

“Neftçi” klubunun baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXXI turu çərçivəsində “Neftçi” “Qarabağ”la qarşılaşacaq. Bu oyunda hansı nəticəyə ümid edirsiz?

- Son vaxtlar çətin qrafiklə üzləşmişdik. Şükür Allaha, komanda kubokda finala vəsiqə qazandı. İstəyimiz də bu idi. İndiki məqamda isə bütün fikrimizi çempionata yönəltmişik. Zədəlilərimizin qayıtması bizim üçün çox vacibdi.

 

- Kubokun finalında da “Qarabağ”la üz-üzə gələcəyini nəzərə alsaq, çempionat görüşündə əsas “kozır”larınızı gizlədəcəyinizi, fərqli taktika tətbiq edəcəyinizi gözləmək olarmı?

- Kuboka kimi hələ çox vaxt var. Finala qədər zədəlilərimiz də qayıdacaq. Onlar qayıdandan sonra həmin heyətə uyğun başqa oyun üslubu tətbiq edəcəyik. Bu gün isə əlimizdə olan materiala görə fərqli üslubla oynayacağıq. “Qarabağ”la çempionat görüşündə də çalışacağıq ki, yaxşı, baxımlı oyun göstərək. İnşallah, nəticə də qazanarıq.

 

- Çempionatın cari mövsümündə “Qarabağ”la keçirdiyiniz 3 oyunda 1 dəfə də olsun, qələbə qazana bilməmisiz. Bunun səbəbini nə ilə izah edərdiz?

- Məsələyə reallıqla yanaşmaq lazımdı. Mən 2010-11 mövsümündə “Neftçi”yə gələndə onda da “Qarabağ”ı məğlub edə bilmirdik. Həmin vaxt “altılıq” sistemi idi. Növbəti mövsümdən isə biz “Qarabağ”ı üstələdik. Bir də hardasa çətinliklərimiz var. Mən də bilirəm ki, yeni oyunçular lazımdı, boşluqlar var. Hansı boşluqları ki qışda doldura bilmədik, onları yayda aradan qaldırmağa çalışacağıq. Növbəti mövsümdən “Neftçi”nin qələbələrinin sayı daha çox olacaq. “İnter”ə də çempionatda 2 dəfə məğlub olmuşduq, amma kubokda onları məğlub etdik. İnanıram ki, “Qarabağ”la da elə olacaq.

 

- Yayda hansı mövqeləri gücləndirməyi planlaşdırırsız?

- Problemli mövqelər var, amma onları indi açıqlamaq istəmirəm.

 

- Kənardan baxanda “Neftçi”nin əsas problemlərinin müdafiənin cinahlarında olduğu görünür...

- Düzdü. Bundan qabaqkı 3 dövrədə də bu problemlə üzləşmişdik. Qış fasiləsində Əziz Quliyevi komandaya götürdük. Çalışdıq ki, boşluğu onunla dolduraq. Ancaq yenə də istədiyimizi ala bilmirik. Məqsəd İsayevin zədə alması işimizi bir qədər də çətinləşdirdi. Əvvəl yalnız sol cinahda problem var idisə, indi müdafiənin sağında da var. Bu kimi problemlərə görə müdafiədə stabil heyət oynada bilmirik. Məcburuq ki, dəyişikliklər edək. Denis Silvanı gah Kardoso ilə birlikdə mərkəzdə oynadırıq, gah məcburiyyətdən sol cinaha çəkirik. Bundan istifadə edərək bir cavan oyunçu qazanmışıq. Rahil Məmmədovu nəzərdə tuturam. Qış hazırlıq müddətində də demişdim ki, əsas komandada bir neçə gənc futbolçu görəcəksiz. Onlardan biri də məhz Rahil idi.

 

- Boşluqları yerli oyunçularla, yoxsa legionerlərlə doldurmaq fikrindəsiz?

- Hər ikisi bizə lazım olacaq. Bu məsələni oturub rəhbərliklə müzakirə edəcəyik. Mən də bilirəm ki, “Neftçi” güclənməlidi. İki “cəbhə”də oynayanda bunun əziyyətini gördük. Bu gün deyirlər ki, “Qəbələ” yaxşı formadadı, 6-7 oyundu qalib gəlir. “Qəbələ” iki “cəbhə”də oynayanda onlarda da qeyri-stabillik var idi. Kubokdan çıxandan sonra isə bütün diqqətlərini yönəltdilər çempionata, bu da müsbət təsirini göstərir. Heyətlə zədəli və cəzalı futbolçuların olması da komandaya təsir edir.

 

- Yəni indiki vəziyyətdə iki “cəbhə”də vuruşmaq “Neftçi” üçün çətindi...

- Çox çətindi. Yenə də şükürlər olsun ki, məqsədimizə çatdıq, kubokun finalına adladıq. Çempionatda da medallar uğrunda mübarizə aparırıq.

 

- Cavid İmamverdiyev “Elazığspor”dan, Mahir Şükürov isə “Karşıyaka”dan ayrılıb. Cavidin transfer hüququ “Neftçi”yə məxsusdu. Mahir də açıqlamasında Azərbaycana qayıdacağı halda, “Neftçi”də oynamaq istədiyini bildirib. Planınızda bu futbolçuları komandaya götürmək varmı?

- Cavidin “Neftçi” ilə müqaviləsi var, o qayıdacaq. Yeni futbolçu götürməklə bağlı isə onu deyə bilərəm ki, bəli, təzə oyunçular gətirmək istəyirik. Amma kimi gətirəcəyimizi hələ müəyyənləşdirməmişik.

 

- Həm futbolçu, həm də məşqçi kimi ölkə kubokunu yalnız Qurban Qurbanov qazanıb. Siz də futbolçu kimi kuboku əldə etmisiz. İndi isə şans yaranıb ki, məşqçi kimi də eyni uğura imza atıb, Qurban Qurbanova şərik çıxasız...

- Açığı, buna çox fikir verməmişəm. Amma belə bir şans düşübsə, istifadə etmək lazımdı. Bilirsiz ki, mən həm futbolçu, həm də məşqçi kimi həmişə istəmişəm ki, nəticə verim.

 

- Futbolçu kimi kuboku 1996-cı ildə “Neftçi”də qazanmısız. Maraqlıdı ki, finalda “Qarabağ”la qarşılaşmışdız və 3:0 hesabı ilə qalib gəlmişdiz. Yeri gəlmişkən, bu hesab kubok oyunlarında hələlik ən böyükhesablı qalibiyyətdi. Həmin nəticəni məşqçi kimi də təkrarlayacağınıza inanırsızmı?

- Əsas odu ki, qalib gəlib, kuboku qazanaq. Hesabın elə də önəmi yoxdu. Finalda minimal hesabla da qalib gələ bilərsən, penaltilər seriyasında da. Hər şey ola bilər. Əsas sonda kuboka sahib çıxmaqdı.

 

- Yeni rəhbərlik gələndən sonra “Neftçi”də nə kimi dəyişikliklər hiss olunur?

- İndi axı dəyişiləsi bir şey yoxdu. Sadəcə, daim dəstək olurlar, hər dəfə oyundan qabaq və sonra gəlib, komandaya dəstəklərini göstərirlər. Hansısa bir şeyi dəyişməyi isə zaman göstərəcək.

 

Tengiz MƏMMƏDOV

 

 

0