[b]Rəşad Eyyubov: Maddi durum pisləşdikcə... [/b]- MÜSAHİBƏ
23.04.2015 - 15:24
[b]Rəşad Eyyubov: Maddi durum pisləşdikcə... [/b]- MÜSAHİBƏ

“Simurq”un futbolçusu Rəşad Eyyubovun apasport.az saytına müsahibəsi

 

- “Simurq” bütün gücünü kubok oyunlarına qoysa da, mübarizəni erkən dayandırmalı oldu. Finala adlaya bilməməyinizin səbəbi nədi?

- “Qarabağ”la oyunumuz ağır keçdi. Əslində müəyyən dəqiqələrdə biz onlardan yaxşı oynadıq. Ancaq nə qədər çalışsaq da, lazım olan qolu vura bilmədik. Finala televizordan baxmalı olacağıq.

 

- Oyundan 2 gün keçsə də, matç haqda müzakirələr hələ də davam edir. “Simurq” azarkeşləri məğlubiyyətdə hakimi günahlandırırlar. Onların fikrincə, Draqan Çeranın vurduğu qol təmiz idi. Siz həmin epizodla bağlı nə düşünürsüz?

- Açığı, bilmirəm. Həmin epizodun təkrarına bir neçə dəfə baxdım. İstənilən halda, mənə elə gəlir ki, oyundan kənar vəziyyət olsa belə, passiv ofsayd idi. Samir topa toxunmadı və rəqib qapıçıya mane olmurdu. Ancaq hakimi də günahkar saymıram. Sadəcə, çox çətin epizod idi.

 

- Avrokubok şansınızı, demək olar ki, itirdiniz. Yəqin ki, bu nəticəni gözləmirdiz?

- Teorik olaraq, şansımız hələ də var. Çempionatdakı mübarizə davam edir. Sona qədər vuruşacağıq. Şansımız az da olsa, varsa, niyə bundan istifadə etməyə çalışmayaq?

 

- “Simurq”da maddi vəziyyətin heç də yaxşı olmadığı haqda xəbərlər dolaşır. Doğrudanmı, vəziyyət kritikdi?

- Məncə, bu il bütün klubların maddi problemləri var. Bəli, biz də çətinliklə üzləşmişik. Amma elə də böyük çətinlik deyil. Ümid edirəm ki, vəziyyət düzələcək.

 

- Bundan əlavə, “Simurq”un fəaliyyətini dayandıracağı haqda da söz-söhbət gəzir. Hazırkı durum komandanın üzvlərini narahat etməyə bilməz. Rəhbərlik bu məsələ ilə bağlı sizinlə söhbət edibmi?

- Açığı, bu barədə ilk dəfədi eşidirəm. Rəhbərliklə belə bir söhbətimiz olmayıb. Nə deyəcəyimi bilmirəm. Azərbaycan çempionatını “Simurq”suz təsəvvür etmək mənim üçün çətindi.

 

- Razısızmı ki, Azərbaycan çempionatı ildən-ilə bataqlığa daha çox batır?

- Ola bilər ki, bu mövsüm əvvəlkilər qədər yaxşı alınmadı. Ancaq bu, futbolun, çempionatın və ya futbolçuların problemi deyil. Bu, sırf maddi məsələ ilə bağlıdı. Klubların maddi durumu pisləşdikcə, iddiaları da azalır.  

 

- Mövsümün sonunda “Simurq”u tərk etmək ehtimalınız varmı? Başqa klublardan təklif almısız?

- “Simurq”la bir illik müqaviləm qalır. Gələcək karyeramla bağlı indidən nəsə deyə bilmərəm. Baxaq, görək nə cür vəziyyətlə üzləşəcəyik? İndiki məqamda məni “Simurq”un çıxışı maraqlandırır.  

 

Tengiz MƏMMƏDOV

 

0