“İddialı Rəcəbov artıq qayıdır” - Vladimir Çuçelov
23.04.2015 - 16:05
“İddialı Rəcəbov artıq qayıdır” - Vladimir Çuçelov

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess2015”də çıxış edən İtaliya şahmatçısı Fabiano Karuananın məşqçisi Vladimir Çuçelov turnirin rəsmi saytına müsahibə verib. Apasport.az həmin müsahibəni təqdim edir.

 

- “ShamkirChess2015” turnirində 5 tur geridə qalıb. Məşqçisi olduğunuz Fabiano Karuananın oyununu necə qiymətləndirirsiz?

- İlk tur bizim üçün çətin oldu. Startda 4 partiyadan 3-də Karuana qara fiqurlarla oynadı. Sözsüz ki, bu bizim nəticəyə təsir etdi. Maqnus Karlsenlə oynadığı partiyanı xüsusi qeyd etməliyəm. Heç-heçə olduğu zaman Karuana səhvə yol verdi. Belədə Maqnus bu səhvdən istifadə edərək qələbə qazandı. Heç kim izah edə bilmirdi ki, Karuana həmin partiyanı necə uduzdu. Hətta Maqnusun özü də təəccübləndi. 5-ci turda Aniş Giriylə heç-heçə oynadı. Maraqlı debüt seçimi oldu. Giri ustalıqla müdafiə olunmaqla, yarım xal qazandı. Ümumilikdə liderlərdən uzaq olsaq da, son turlarda uğur qazanmağa çalışmalıyıq.

 

-  Digər şahmatçıların oyunu barədə nə düşünürsünüz. Karlsen və Sonun liderliyi gözlənilirdimi?

-  Dünya çempionu Maqnus Karlsen uğurlu start götürdü. İlk turda Anandla heç-heçə oynadı, sonrakı turlarda qələbə qazanmaqla xalını artırdı. Sonun liderliyi gözlənilməz olsa da, hələ turnir başa çatmayıb. 5-ci turda Ananda məğlubiyyəti ona pis təsir edə bilər. Vladimir Kramnik 4 tur ərzində stabil oynadı. 5-ci turda Şəhriyara məğlubiyyəti onu geri saldı.

 

- Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun Vladimir Kramnik üzərində qələbəsi 5-ci turun ən maraqlı partiyası oldu...

- Məmmədyarov 5-ci turda çox maraqlı oyun sərgilədi. O, turnirdə ən yaxşı oyununu Kramnikə qarşı keçirdi. Üstünlük qazandı. Hücuma keçərək, Kramnikin istədiyi oyunu göstərməsinə mane oldu. 6 saatdan çox mübarizənin yekununda Şəhriyar qalib gəldi. Məmmədyarovun üstünlüyü oyunun əvvəlindən hiss olunurdu. Bununla belə, sona qədər üstünlüyü saxlamaq asan deyil. Şəhriyar bu qələbədən sonra turnirdə fərqli oyun göstərməlidi.

 

-  Azərbaycan çempionu Rauf Məmmədov karyerasının ən güclü turnirində çıxış edir. Ondan hansı nəticəni gözləmək olar?

- Turnir bütün şahmatçılar üçün çətindi. Raufa gəlincə, onun belə şahmatçılarla oyun təcrübəsi yoxdu. Oyundan əlavə, psixoloji baxımından hazır olmaq vacibdi. Əks halda, şahmatçı tez yorulur. Şəmkirdə olan şahmatçılar üçün super turnir adi yarışdı. Onlar çoxdan belə yarışlara öyrəşiblər. Rauf üçün isə bu, yenilikdi. Fikrimcə, hələlik Rauf normal oynayır.

 

- Siz Karuana ilə yanaşı, eyni zamanda Teymur Rəcəbovla da işləyirsiz. Teymurla hazırlığı davam edirsiz, ya yox?

- Teymurun səhhətində problem yarandığı üçün bir müddət fasilə vermişdik. Yəqin yaxın aylarda hazırlıq bərpa olunacaq. Çünki qarşıdan Bakıda keçiriləcək Dünya Kuboku gəlir. Həmin yarışa hazırlaşmaq çox vacibdi. Dünya Kubokunda mübarizə çətin olacaq. Teymur çox yaxşı şahmatçıdı. Son aylar birgə işimizin nəticəsində stabil oyunu bərpa olunub. Əlbəttə, hələ çox çalışmalıyıq. Lakin fikrimcə, iddialı Rəcəbov artıq qayıdır.

 

- Sonda “ShamkirChess2015” turniri haqda danışardıq. Yarış yadınızda necə qalacaq?

- Şəmkir turniri hər zaman xoş xatirələrlə yada salınır. Məşhur şahmatçı Vüqar Həşimov anılır və həmkarları onun xatirə turnirində böyük həvəslə iştirak edirlər. Burda yüksək qonaqpərvərlik görürük. Hər bir şahmatçıya özəl münasibət bəslənilir. Hər zaman Şəmkirə gəlməyə çox şad oluruq.

 

0