[b]“Qarabağ”la bağlı unudulmaz xatirələrim olacaq”[/b]
24.04.2015 - 10:40
[b]“Qarabağ”la bağlı unudulmaz xatirələrim olacaq”[/b]

“Qarabağ”ın yarımmüdafiəçisi Cavid Tağıyevin apasport.az saytına müsahibəsi

 

- “Qarabağ”ın həm çempionatda, həm də kubokdakı uğurlu nəticələrində nə dərəcədə pay sahibi ola bilirsiniz?

- Hər şey ürəyim istəyən kimi gedir. Həm çempionluq şansımız yüksəkdi, həm də kubokda finala çıxmışıq. Burdakı ilk ilimdəcə iki uğuru birdən qazanmaq istəyirəm. “Qarabağ”da çox gözəl kollektiv var. Buna görə də, burda uyğunlaşma problemi yaşamadım. Ola bilər ki, hansısa oyunda qol vurmuşam və ya məhsuldar ötürmə vermişəm. Amma bu, komandanın uğurunda böyük pay sahibi olduğum anlamına gəlməməlidi. Mən sadəcə, meydançaya çıxanda “Qarabağ”ın qələbəsi barədə düşünürəm.

 

- Qısa müddətdə “Qarabağ” sizə nələr qazandırdı?

- Ən böyük qazancım təcrübəmin artması və milli komandaya çağırılmağım oldu. Avropa Liqasının qrupunda oynadım. “Qarabağ” bununla mənim uşaqlıq arzumu həyata keçirdi. Mən də əlimdən gələni edirəm ki, komandaya xeyrim dəysin.

 

- Lider komandada oynamaq necə hissdi?

- Çox məsuliyyətli hissdi. Hər bir futbolçu bunu yaşamaq istəyər. Komandam hazırda çempionatın lideri olduğu və kubokda finala çıxdığı üçün çox xoşbəxtəm. AZAL-da oynayanda da yüksək yerlər uğrunda mübarizə aparırdıq, Avrokuboka düşməyə çalışırdıq. Amma “Qarabağ” çempionluq, Çempionlar Liqası barədə düşünən komandadı. Taleyimdən çox razıyam ki, gənc yaşda belə klubda oynamaq mənə nəsib oldu. “Qarabağ”la bağlı gələcəkdə çempionluq, ölkə kubokunun finalında, Avropa Liqasının qrupunda oynamaq kimi unudulmaz xatirələrim olacaq. Bu nailiyyətləri qazanan futbolçu karyerasını bitirəndən sonra da özü ilə fəxr edə bilər.

 

- “Qarabağ”a keçdikdən sonra ətrafınızdakıların sizə münasibətində bir dəyişiklik gördünüzmü?

- Təbii ki, qohumlarım, dostlarım uğurlarıma sevinirlər, fəxr edirlər. Azarkeşlər də hörmətlə yanaşırlar, görəndə bunu büruzə verirlər, sosial şəbəkələrdə haqqımda müsbət fikirlər səsləndirirlər. Mən də çalışıram qazandığım uğurlarla ailəmi sevindirim, onların üzünü güldürüm.

 

- Artıq 22 yaşınız var və “Qarabağ”ın əsas heyətində çıxış edirsiniz. Özünüzü hələ də gənc sayırsınız, yoxsa artıq kifayət qədər təcrübə toplamısınız?

- Yaş baxımından gəncəm. Elə təcrübəm də hələ artmalıdı. Hələ çox çalışmalıyam, uzun yol qət etməliyəm. Deyə bilmərəm ki, əla oynayıram, bundan o tərəfi yoxdu. Hiss edirəm ki, çatışmazlıqlarım çoxdu. Amma etiraf etmək lazımdı ki, “Qarabağ”da daha tez təcrübə toplamaq imkanım olur. Bu da gələcəkdə mənə çox lazım olacaq.

 

- Bu baxımdan təcrübəli futbolçuların məsləhətlərinə qulaq asırsınız?

- Əlbəttə. Çalışıram özümdən yaşlı yerli və əcnəbi futbolçuların sözlərinə qulaq asım. Hər halda, onlar mənim pisliyimi istəməzlər. Xüsusən də, oyunlara çıxanda mənə həyəcanlanmamağı, rahat olmağı məsləhətlər görürlər. Sağ olsunlar ki, mənə həmişə dəstək verirlər.

 

- Avropa Liqasının qrup mərhələsində çıxış edən bir komandada oynamağın fərqliliyi nədədi?

- Bayaq dediyim kimi, burda hədəflər daha böyük olur. Bilirsən ki, çempionluğa oynayan klubdasan. Belə komandanın formasını geyinən futbolçu rəqiblərinin hamısından güclü oynamaq məcburiyyətindədi. Azarkeşlərin də tələbləri yalnız çempionluq, Çempionlar Liqasında uğurlu çıxışdı. Bütün bunlar daha sürətli inkişafa təkan verir. Bir sözlə, “Qarabağ” kimi böyük klubda oynamağın ciddi fərqi var.

 

- Razılaşın ki, “Qarabağ”a keçməsəydiniz milli komandaya da belə erkən çağırılmayacaqdınız...

- Əlbəttə, razıyam. Malta ilə matçda çıxış etməsəm də, əsas odu ki, dəvət almışdım. İnşallah, bundan sonrakı seçmə mərhələ oyunlarına da çağırılaram və uzun illər yığmanın formasını geyinərəm. Ən böyük arzum da millinin aparıcı oyunçularından biri olmaqdı.

 

Ruslan SADIQOV

0