[b]Böyükağa Hacıyev: Əzrayılla görüşən adam Malıyevdən çəkinəcək? [/b]
24.04.2015 - 13:26
[b]Böyükağa Hacıyev: Əzrayılla görüşən adam Malıyevdən çəkinəcək? [/b]

“AFFA-nın hüquqşünası Rəmiş Malıyevlə görüşdük. Mənim elə bir problemim yoxdu”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

 

Hacıyevin “Space” kanalının efirində “Araz Naxçıvan” – “Neftçi” matçı ilə bağlı verdiyi açıqlama birmənalı qarşılanmamışdı. Onun “15 il “Araz Naxçıvan”ın kapitanı olmuşam, bu komandaya qalib gələ bilməzdim” cümləsi rezonans doğurmuşdu. Verilişdən sonra Hacıyevin komandasının həmin görüşdə bilərəkdən uduzması ilə bağlı söz-söhbətlər yaranmışdı. Nəticədə AFFA-nın hüquqşünası Rəmiş Malıyev açıqlamasında Böyükağa Hacıyevdən izahat alacağını bildirmişdi.

 

Hacıyevlə Malıyevin görüşü artıq baş tutub. Bununla bağlı danışan “Zəif” ləqəbli məşqçi heç kimdən qorxmadığını bildirib: “Mən sözümün ağasıyam. Sadəcə, məni sevməyənlər gözləyirlər ki, “uteçka” buraxım. Amma bilmirlər ki, mən “uteçka” buraxmaram. Rəmiş Malıyevə izahat verdim. O da gördü ki, hər şey qaydasındadı. Mən cinayətkar deyiləm”.

 

Hacıyev federasiyanın hüquqşünası ilə görüş zamanı həyəcanlanmadığını qeyd edib: “Nə həyəcanlanmaq? Hüquqşünasdan çəkinəcəm? Mən “İnter”, “Rubin” və “Partizan”ın qarşısına komanda çıxaranda, heç gördünüz ki, həyəcanlanım? Elə şey ola bilməz. Mən qorxu hissindən azad adamam. Gecə saat 3-də də zəng edib ölümə çağırsanız, yenə gələrəm. 2012-ci ildə Moskvaya əməliyyat olunmağa gedəndə Əzrayılla salamlaşıb, qayıtmışam. Əlbəəl görüşdük, mənə söz verdi ki, 66 yaşıma kimi mənə dəyməyəcək”.

 

0