[b]“Ortaya gözlənilməz problemlər çıxdı”[/b] - MÜSAHİBƏ
24.04.2015 - 23:00
[b]“Ortaya gözlənilməz problemlər çıxdı”[/b] - MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın futbolçusu Tural Cəlilovun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXXI turu çərçivəsində bu gün “Qəbələ” ilə qarşılaşacaqsız. Rəqib son vaxtlar yaxşı formadadı. Sizcə, “Qəbələ”nin qələbə seriyasına son qoya biləcəksizmi?

- Oyuna həmişəki qaydada hazırlaşırıq. Düzdü, itkilərimiz var. Orta sahədə bir neçə futbolçumuz oynamayacaq. Bizə bir az çətin olacaq. Var gücümüzlə mübarizə aparacağıq. Azarkeşlərimizin önündə məğlub olmamağa çalışacağıq.

 

- Orta xətdə itkilərin olduğunu qeyd etdiz. Rəqibin ən güclü mövqeləri isə yarımmüdafiə və hücum xəttidi. Bu sizi qorxutmur ki?

- Xeyr. Futbolda hər şey ola bilər. Bəli, itkilərimiz var. Bu, işimizi bir qədər də çətinləşdirir. Buna baxmayaraq, qarşımıza qoyulan tapşırığın öhdəsindən gəlməyə çalışacağıq.

 

- “Xəzər Lənkəran” qışda gəncləşdirmə siyasətinə keçdi. Komandanın yanvardan bəri çıxışını necə dəyərləndirirsiz?

- Mən klubun gəncləşdirmə siyasətinə keçməsini normal qiymətləndirirəm. Komandamız bir neçə gənci heyətində oynatmaqla, çox şey qazandı. Sadəcə, oyun təcrübələri azdı. Amma gələn mövsüm də bu gənclərdən bir neçəsi komandaya kömək edəcək.

 

- Hazırkı gənclərdən kimlər növbəti mövsüm də “Xəzər Lənkəran”da oynaya bilərlər?

- Ad çəkmək istəmirəm. Elələri var ki, oynaya bilərlər. Çoxu perspektivli, yaxşı uşaqlardı. Növbəti mövsüm bu cavanlardan bir neçəsi ilə və yeni oyunçular almaqla, çempionluğa oynayan komanda düzəltmək olar. Mən inanıram ki, yayda heyət gücləndiriləcək.

 

- “Xəzər Lənkəran”la müqavilənizin müddəti bu ilin sonuna kimi nəzərdə tutulub. Başqa klublardan təkliflər almısız, yoxsa gələcəyinizi də məhz cənub klubunda görürsüz?

- Dekabra qədər müqaviləm var. Açığı, 1 klubdan təklif gəlib. Adını çəkmək istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, yaxşı, iddialı klubdu.

 

- Belə başa düşdüm ki, “Xəzər Lənkəran”dan getmək ehtimalınız da var...

- Getmək deyəndə ki, müqaviləmin sonuna qədər burda qalacam. Daha sonra klub rəhbərliyi əgər qalmağımı istəməsə, onda gedə bilərəm. Birinci “Xəzər Lənkəran”la danışıb, sonra digər təklifi dəyərləndirəcəm.

 

- Sabiq komandanız “Simurq”un maddi durumunun yaxşı olmadığı, klubun fəaliyyətini dayandıra biləcəyi haqda məlumat dolaşır. Bu kimi xəbərlər sizə necə təsir edir?

- İnşallah, “Simurq”da heç bir problem olmaz. Əgər elə bir şey olsa, maraq azalar. Hər bir komanda Zaqatalaya gedəndə bilir ki, ordan xalla qayıtmaq çətindi. “Simurq” bölgə klubudu, azarkeşləri var. Mən orda oynamışam. Zaqatala camaatı çox mədəni, öz komandalarını dəstəkləyən insanlardı. “Simurq” olmasa, çempionatımız, futbolumuz üçün böyük itki olar.

 

- Əvvəlki illərlə müqayisədə çempionatın cari mövsümü maraqsız keçmədimi?

- Deməzdim maraqsız keçdi. Düzdü, həmişə çempionluğa oynayan “Xəzər Lənkəran” ikinci dövrədən sonra iddiasını azaltdı. Bu isə komandanın xeyrinə olan addım idi. Bir də “Bakı”nı qeyd edərdim, orda da gözlənilməz problemlər ortaya çıxdı. Əvvəlkinə baxanda, hardasa fərq var. İki komanda iddiasından geri düşdü. Amma inanıram ki, növbəti mövsüm daha yaxşı olacaq, çempionluğa oynayan komandaların sayı artacaq.  

 

Tengiz MƏMMƏDOV

 

0