[b]“Son 3 görüşdə 8 top buraxmışıq, bunu fikirləşmək lazımdı” [/b]– Kanales
25.04.2015 - 23:00
[b]“Son 3 görüşdə 8 top buraxmışıq, bunu fikirləşmək lazımdı” [/b]– Kanales

Topaz Premyer Liqasının XXXI turu çərçivəsində “Qarabağ”a 2:3 hesabı ilə uduzan “Neftçi” klubunun çilili hücumçusu Nikolas Kanales oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Qarşılaşma barədə fikrinizi bilmək maraqlı olardı...

- Yaxşı oynadığımızı deyə bilərəm. Amma düşündürücü məqamlar da var. Son 3 görüşdə 8 top buraxmışıq, bunu fikirləşmək lazımdı.

 

- Belə çıxır ki, müdafiə xəttində yer alan futbolçular işlərinin öhdəsindən gələ bilmirlər?

- Hər şeyi müdafiə xəttinin üzərinə yıxmaq olmaz. Topu almaq üçün yarımmüdafiə xəttində də pressinq tətbiq etmək lazımdı.

 

- Komandanız 2 top buraxdıqdan sonra dönüş yaratmağa çalışdı və bərabərliyi bərpa edə bildi. Həmin ana qədər nə baş verdi ki, qapınızdan 2 top buraxdınız?

- Nə baş verdiyini deyə bilmərəm. Biz 2:0 hesabına reaksiya göstərdik. Halbuki, bundan öncə reaksiya göstərməliydik.

 

- Bir ara “Qəbələ”dən təxminən 10 xal irəlidə idiniz. Amma bu gün hər iki komandanın aktivindəki xalların sayı bərabərdi. İkinci pillə uğrunda mübarizə aparacağı gözlənilən “Neftçi”nin bürünc medalı da əldən verəcəyi istisna deyil. Bu uğursuzluq nə ilə bağlıdı?

- Hələ heç nə bitməyib. Qarşıda 4 tur var. Bu qarşılaşmalarda bizə yetəcək qədər xal qazana bilərik. Ona görə də bu oyunu unudub, növbəti qarşılaşma haqda düşünmək lazımdı.

 

- Ölkə kubokunun finalında da “Qarabağ”la qarşılaşacaqsınız. Bu cür oyunla qələbə qazanmaq olacaqmı?

- Bugünkü kimi oynasaq, əlbəttə, yox. Amma “Qarabağ” yenilməz deyil. Onları udmaq olar.

 

- Mövsüm sona yaxınlaşır və müqaviləniz başa çatmaq üzrədi. Komandada qalacaqsınız, yoxsa ayrılacaqsınız?

- “Neftçi” ilə müqaviləm başa çatır. Amma hələlik qalmağımla bağlı təklif almamışam. Lakin başqa ölkə təmsilçilərindən xidmətimdə maraqlı olanlar var.

 

- Son oyunlarda ardıcıl qollar vurursunuz. Bu nəyin nəticəsidi?

- Yayda komandaya gələndə fiziki baxımdan hazır deyildim. Altı ay futbol oynamamışdım. Tədricən formamı yığdım. Qış fasiləsəindəki toplanışında da xeyri çox oldu.

 

0