[b]Prezident İlham Əliyev I Avropa Oyunları məşəlinin alovlandırılması mərasimində iştirak edib[/b]
26.04.2015 - 21:29
[b]Prezident İlham Əliyev I Avropa Oyunları məşəlinin alovlandırılması mərasimində iştirak edib[/b]

Bu gün Bakıda I Avropa Oyunlarının məşəli alovlandırılıb. Apasport. az saytının məlumatına görə, əlamətdar hadisədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, onun xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər.



Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan Atəşgahdan başlayıb. I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşacaq və açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.



Beləliklə də, I Avropa Oyunlarının məşəlinin səyahəti başladı. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

 

Mənbə: Azərtac


 

0