[b]"Əvvəl Hindistan ancaq kinoları ilə tanınırdı, amma indi..."[/b] - Anand
27.04.2015 - 12:05
[b]"Əvvəl Hindistan ancaq kinoları ilə tanınırdı, amma indi..."[/b] - Anand

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess2015” turnirində ikinci yerin sahibi, sabiq dünya çempionu Vişvanatan Anand yarışın rəsmi saytına müsahibə verib. Apasport.az həmin müsahibəni təqdim edir.


- “ShamkirChess2015” turnirini özünüz üçün necə qiymətləndirirsiz?
- Öncə təşkilatçılara – “Synergy Group”a təşəkkür etmək istərdim. Hazırda şahmat üzrə super turnirlər o qədər də çox deyil. Bu mənada, Şəmkirdəki təşkilatçılıq çox xoşuma gəldi. Yekun nəticələrə gəlincə, 10 güclü şahmatçı arasında ikinci yeri tutdum. Liderdən 1 xal geri qaldım. Bəlkə də əvvəlki turlarda səhvlərim az olsaydı, daha çox xal toplayardım. Ümumi nəticə yaxşıdı.


- Hansı rəqiblə oyun daha çətin alındı?
- Şəmkirdə zəif rəqib yox idi. Heç bir turda asan qələbə olmadı. Yarış heyət baxımından, doğrudan da, super turnir idi. Hazırkı dünya çempionu, sabiq dünya çempionları yarışda güclü rəqabət yaratdı. Ona görə ilk “üçlüy”ə düşmək uğrunda sona qədər mübarizə getdi. 


- 8-ci turda Şəhriyar Məmmədyarova qalib gəldiniz. Həmin partiya haqda nə düşünürsüz?
- Şəhriyara qarşı yaxşı hazırlaşmışdım. Əvvəllər bir neçə dəfə rəqib olmuşuq. Təcrübəli şahmatçıdı. Onunla oyunda diqqətli olmaq lazımdı. Partiya düşündüyüm kimi keçdi. Qələbə qazanmaq mənim üçün çox vacib idi. Əks halda, liderdən geri qalacaqdım. Yaxşı mübarizə oldu və layiqli qələbə qazandım.


- Şəmkirdə ən yaxşı nəticəni dünya çempionu Maqnus Karlsen göstərdi. Gələcəkdə şahmat tacını ondan geri almaq barədə planınız varmı?
- Son 10 gün ərzində bütün diqqətim Şəmkirdəki turnirə yönəlmişdi. İndi bir qədər istirahət etməyi düşünürəm. Karlsenlə çempionluq matçında iki dəfə oynamışam. Fürsət olsa, yenidən qarşılaşmaq istərdim. Amma hazırda bu barədə heç bir planım yoxdu. Gələn ilə hazırlaşmağa vaxtım var.


- Sizin üçün Maqnus Karlsenlə oynamaq çətindir, yoxsa sabiq dünya çempionu Vladimir Kramnikə qarşı mübarizə aparmaq?
- Hər iki şahmatçı ilə karyeramın müxtəlif dövrlərində şahmat taxtası arxasına əyləşmişik. Güclü şahmatçılardı. Müqayisə etmək olmur. Etiraf edim ki, Karlsenə qarşı oynamaq çox çətindi. Sərt mübarizə aparır. Hazırda çox yaxşı formadadı. 


- Bəziləri Karlsenin uzun müddət çempionluq titulunu özündə saxlayacağını söyləyir. Bu fikirlə razısınız?
- Gəlin, irəlidə nə olacağını proqnozlaşdırmayaq. Biz hamımız çempion olmaq istəyirik. Bütün şahmatçılar bunun üçün yarışır. Karlsen titulunu qorumaq üçün çox çalışmalıdı.


- Anandın çempionluğu həyatında nəyi dəyişdi?
- Dünya çempionluğu insanın həyatını tamam dəyişir. Bir sıra mötəbər turnirlərə dəvət alırsan. Yenidən titulunu qorumaq istəyirsən. Gərgin iş rejimi bəzən insanı yorur. Bununla belə, dünya çempionu olmaq çox məsuliyyətli və şərəflidi. Dünya çempionu olandan sonra Hindistanda şahmat çox sevildi. Əvvəllər Vətənim ancaq kinolarla tanınırdı. İndi isə Hindistanda şahmata böyük həvəs var.


- Sonda ilk dəfə səfər etdiyiniz Şəmkir haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Azərbaycanda şahmata böyük maraq var. Bir sıra turnirlərdə Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarova qarşı oynamışam. Şəmkirdə şahmat məktəbində olarkən, uşaqların şahmata olan marağı məni valeh etdi. Vüqar böyük insan olub. Onun adı daim yaşamalıdı. Belə turnirlər həmişə keçirilməlidi. Şəmkirin gözəl şəhər olduğunu deməliyəm. Bura çox xoşuma gəldi. 

0