[b] “Belə oyunlarda ikinci qolu vurmaq lazımdı” [/b]– Rəşad Sadıqov
02.05.2015 - 23:05
[b] “Belə oyunlarda ikinci qolu vurmaq lazımdı” [/b]– Rəşad Sadıqov

“Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqov Topaz Premyer Liqasının XXXII turunun “Qəbələ” ilə səfər matçından (1:1) sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Qələbəni sona anda əldən verdiniz. Bu cür sonluq gözləyirdinizmi?

- Çətin olacağını əvvəldən bilirdik. Oyun ağır keçdi. Hesabı açdıq və nəticə bizə sərf edirdi. Lakin sonda qol buraxaraq, qələbəni əldən verdik. Qol buraxacağımızı hiss etmirdik.  

 

- Hakimin penalti qərarı ilə razısınızmı?

- Hakimin qərarı müzakirə olunmur. Nəsə demək istəmirəm. Qərarını verdi, rəqib də qol vurdu. İndi növbəti oyunlara baxmalıyıq.

 

- Qələbə hesabını qorumaq baxımından “Qarabağ” harda səhvə yol verdi?

- Bərabər səviyyəli görüş idi. Qol vurduqdan sonra qapalı oynamağa çalışdıq. Əks-hücumlara bel bağlayırdıq. Lakin rəqibi yaxalaya bilmədik. Belə qarşılaşmalarda ikinci qolu vurmaq lazımdı. Vura bilməyəndə rəqib təzyiq göstərir. Elə olur ki, sona qədər qapını toxunulmaz saxlaya bilirsən, elə də olur ki, sonda qol buraxırsan.

 

- “Qarabağ” üçün heç-heçə necə nəticədi?

- Bir xal bizim üçün pis nəticə deyil. Oyundan əvvəl də demişdim ki, uduzmamaq vacibdi. Qarşıda “Xəzər Lənkəran”la ağır oyunumuz var. Həmin görüşü düşünməliyik.

 

- Xal ehtiyatınızın çox olması arxayınlıq yaradırmı?

- Belə baxanda, aradakı xal fərqi elə də çox deyil. Qarşıda “İnter”lə şəxsi oyunumuz var. Üstəlik, onlar bizdən bir oyun az keçirib. Onu saymasaq, cəmi 2 xal öndəyik. Bir heç-heçə xalların bərabərləşməsinə gətirib çıxara bilər.

 

- Hazırkı mövsümdə “Qəbələ”yə iki dəfə uduzmusunuz. Onlara qarşı oynamaq niyə çətinləşib?

- Hansısa ciddi bir hadisə baş verməyib. Futbolda qələbə ilə bərabər belə hallar da olur. Ötən mövsümdə də “Simurq”u məğlub edə bilmirdik. Zamanla sindroma son qoymaq mümkün olur.

 

- Rəqibin sizi yaxşı təhlil etdiyini düşünmək olarmı?

- Roman Qriqorçuk yaxşı məşqçidi. Görünür, komandamızı  yaxşı təhlil edib.

 

0