[b]Yunuszadənin intizamsızlığı: Baş məşqçi Abbaszadəni qabağa verir[/b]
04.05.2015 - 12:00
[b]Yunuszadənin intizamsızlığı: Baş məşqçi Abbaszadəni qabağa verir[/b]

“Neftçi”də daha bir futbolçu intizamsızlığa yol verdiyi üçün əsas komandadan uzaqlaşdırılıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXXII turunda “Sumqayıt”la keçirilən oyunda baş məşqçi Arif Əsədova cavab qaytaran Elvin Yunuszadə əvəzedici heyətə göndərilib.

Rəqibin vurduğu qolda səhvə yol verən millimizin müdafiəçisi baş məşqçinin iradı ilə razılaşmayıb, ona sərt şəkildə cavab qaytarıb.

Məsələ ilə bağlı Arif Əsədovla əlaqə saxlasaq da, o, buna münasibət bildirməkdən boyun qaçırıb: “Mən hər şeyi mətbuat xidmətinin rəhbərinə demişəm. Zəng vurun, səbəbini ondan soruşun”.

"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə isə Yunuszadənin əvəzedici heyətə göndərildiyini təsdiqləyib: “Hansısa futbolçunun əvəzedici komandaya göndərilməsi istənilən klubda tam normal haldı. Mövsüm ərzində “Neftçi”nin heyətində bu tip hallar dəfələrlə yaşanıb. Əgər xatırlayırsınıza, ötən turda komandamızın futbolçuları Ernest Nfor və Rauf Əliyev məhz əvəzedici heyətdə meydana çıxmışdılar. Bu, məşqçilər korpusunun qərarıdı. Yeri gəlmişkən, bir maraqlı məqamı da qeyd etmək istərdim. ​ Yunuszadə əvəzedici heyətə göndərildikdən sonra komandanın həkimlərinə müraciət edərək, belində ağrılar olduğunu və bu səbəbdən də tibbi müayinədən keçmək istədiyini bildirib. Tibbi müayinənin nəticələri haqda ictimaiyyətə daha ətraflı məlumat verilcək”.

 

0