“Neftçi” Avrokuboklarda rekord vurur
04.05.2015 - 12:34
“Neftçi” Avrokuboklarda rekord vurur

“Neftçi” avrokuboklarda yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi qitə miqyaslı turnirlərə vəsiqə qazanmaqla, ardıcıl 5 dəfə bunu bacaran ilk Azərbaycan klubu kimi tarixə düşüb.

 

Buna Topaz Premyer Liqasının XXXII turunun oyunlarında qeydə alınan nəticələr səbəb olub.

 

Belə ki, baş tutan qarşılaşmalar növbəti mövsümdə avrokuboklarda Azərbaycanı təmsil edəcək son iki komandanın da adına aydınlıq gətirib. “Simurq”un öz meydanında “İnter”ə 2:3 hesabı ilə uduzmasından sonra qitə kuboklarına yollanmaq şanslarını itirməsi “Neftçi” və “Qəbələ”nin Avropa Liqasına yolunu açıb.

 

Nəticədə “ağ-qaralar”ın ardıcıl 5-ci mövsüm avrokuboklarda çıxış edəcəyi rəsmiləşib. 2011/12, 2012/13, 2013/14 mövsümlərində Çempionlar Liqasından, 2014/15 mövsümündə isə  Avropa Liqasında mübarizəyə başlayan paytaxt təmsilçisi bu yay da qitə səhnəsinə çıxanlardan biri olacaq.

 

Azərbaycan təmsilçilərinin avrokuboklardakı 21 illik çıxışı ərzində heç bir komanda ardıcıl 5 dəfə ölkəmizi bu yarışlarda təmsil etməmişdi. Buna nail olan ilk Azərbaycan klubu kimi tarixə düşən “Neftçi” 4 komandanın şərik olduğu rekordu yeniləyib.

 

Belə ki, ötən yay 4-ə çatan “ağ-qaralar”adək  “Qarabağ”, “Kəpəz” və “Xəzər Lənkəran” ardıcıl 4 mövsüm qitə miqyaslı yarışlarda çıxış etmişdi. Ağdamlılar 1996/97, 1997/98, 1998/99 və 1999/2000 mövsümlərində  bunu bacarıb. Gəncə təmsilçisi isə 1997/98, 1998/99, 1999/2000 və 2000/01 mövsümlərində avrokubokların iştirakçısı olub. Cənublular isə 2010/11, 2011/12, 2012/13 və 2013/14 mövsümlərindəki seriyasını ötən yay davam etdirə bilməmişdi. 

 

Daha bir klub – “İnter” isə “4”ə bu il avrokuboklara vəsiqə qazanmaqla çatıb. Son 3 mövsümdə (2012/13, 2013/14, 2014/15) qitə kuboklarında çıxış edən “bankirlər” bu dəfə də ölkəmizi nüfuzlu yarışda təmsil edəcək.

 

0